Card image cap

ADNSU ilə Türk Standardları Enstitüsü arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türk Standardları Enstitüsü (TSE) arasında əməkdaşlığa dair görüş keçirilib.

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, fakültə dekanları, universitetin professor-müəllim heyəti, həmçinin TSE-nin İdarə heyətinin sədri Mahmut Sami Şahin, TSE Azərbaycan təmsilçisi Gülhan Yüzereroğlu və nümayəndə heyəti iştirak ediblər.

Görüşdə çıxış edən ADNSU-nun rektotu, professor M.Babanlı universitet haqqında qonaqlara ümumi məlumat verdikdən sonra ADNSU-nun Türkiyənin bir çox ali təhsil müəssisələri ilə olan əlaqələrindən danışıb. Universitetdə Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin yaradıldığını, həmçinin iki mühazirə otağına türkiyəli şəhid professor İlhan Varank və Erol Olçokun adlarının verildiyini qeyd edən rektor M.Babanlı Türk Standardları Enstitüsü ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən söz açıb.

Səmimi qarşılanma və qonaqpərvərliyə görə rektor, professor M.Babanlıya təşəkkürünü bildirən TSE İdarə heyətinin sədri M.S.Şahin qurumun fəaliyyətindən danışıb və neft sahəsi də daxil olmaqla bir sıra sahələrdə beynəlxalq tələblərə cavab verən milli standartların yaradılması və tətbiqi üçün ADNSU ilə birgə əməkdaşlığın önəmini qeyd edib.  

Görüşdə həmçinin yüksək potensiallı kadrların hazırlanması üçün təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, laboratoriyaların tədris prosesinə və elmi işlərə uyğun sertifikatlaşdırılması, universitet tərəfindən əldə edilən avadanlıqların standarta uyğunluğu, onlayn və oflayn təlim və təhsillə əlaqə, müəllim və tələbə kontingentinin müvafiq standartlara uyğun təlimlərin keçirilməsi və s. kimi elmi tədqiqatların, eləcə də təhsilin inkişafı üçün birgə tədbir və layihələrin təşkili məsələləri müzakirə olunub. Görüşdən sonra türkiyəli qonaqlar ADNSU-da yaradılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olublar.