Card image cap

ADNSU-da birinci kursa qəbul olmuş tələbələrlə görüş keçirilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat, Kimya texnologiya, Neft-mexanika, Energetika və Qaz-neft-mədən fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirilib.

Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarına rektor, professor Mustafa Babanlının salamını çatdırıb.  Tələbə adını qazanmış gəncləri təbrik edən dosent A.Babayev gənclərə tədris prosesi, universitetin maddi-texniki bazası, imtahanların təşkili və nizam-intizam qaydaları haqqında ətraflı məlumat verib.

Görüşdə müvafiq fakültələrin dekanları, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Neft-mexanika  fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov, Energetika fakultəsinin dekanı dosent Aydın Əliyev,  həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, İnformasiya Texnologiyaları Departamentinin nümayəndəsi universitetin nəzdində fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, LMS (Learning Management System)  və digər bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.