Card image cap

ADNSU-da “Recyclaton” hakatonunun təqdimatı olub

Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə "Recyclaton" hakatonu barədə təqdimat keçirilib.

Təqdimat ADNSU-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və "Coca-Cola" Fondunun birgə əməkdaşlığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız dünya” proqramı çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən ASAN xidmətin “Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsi”nin əməkdaşları Zəhra Həşimova və Günel Qurbanova hakaton barədə təqdimatla çıxış ediblər. Hakatonun məqsədi, komandaların formalaşması, mərhələləri, həll konseptləri, gənclərin prosesə təşviq olunması, həmçinin bu istiqamətdə məlumatlandırma mexanizmi və qeydiyyat barədə tələbələrə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, hakatonun məqsədi tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlılığa nail olmaqdır. Layihə konseptləri sahəvi mentorların dəstəyi ilə prototip halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcək və ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə pul mükafatları veriləcək.