Card image cap

UFAZ-da ActInSpace 2022 beynəlxalq hakatonuna start verilib

18-19 noyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın Kosmik Araşdırmalar üzrə Milli Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA)-nın təşkil etdiyi kosmik proqramlara həsr edilmiş beynəlxalq ActInSpace hakatonuna start verilib.

Hakatonun açılış mərasimində çıxış edən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq, beynəlxalq hakatonun əhəmiyyətindən söz açıb və tələbələrə uğurlar arzu edib.

UFAZ-ın Baş katibi Elizaveta Bydanova iştirakçılara hakaton barədə ümumi məlumat verib, yarışın məqsədi, qaydalar və tərəfdaşlar barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, UFAZ-ın 3-cü dəfə ev sahibliyi etdiyi ActInSpace hakatonu eyni vaxtda 5 qitədə 34 ölkə və 66 şəhərdə baş tutur. İştirakçılar fərqli sahələri təmsil edir və komanda şəklində verilən problemi 24 saat ərzində həll etməlidirlər. Bu yarışmanın məqsədi patentlər, proqram təminatı, verilənlər bazası və ya kosmik infrastrukturlara əsaslanaraq sahibkarlığın inkişaf etdirilməsi və kosmik tərəfdaşlar ilə insanlar arasında əlaqələri möhkəmləndirməkdir.

Xatırladaq, ActInSpace Azerbaijan yarışmasında müxtəlif universitetlərdən 150-dən artıq tələbə (32 komanda) iştirak etmək üçün qeydiyyatdan keçib. Yarış ərzində fərqli sahələri təmsil edən 20-dən artıq mentor iştirakçılara dəstək olacaq. Həmçinin qalib komanda fevral ayında Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

Daha əvvəl keçirilən yarışlarda olduğu kimi bu dəfə də ActInSpace Azərbaycan müsabiqəsinin əsas tərəfdaşı kimi Azercosmos çıxış edir. Azercosmos ilə yanaşı Fransanın Azərbaycandakı səfirliyi, Step IT Academy və C’est Bon keytrinq şirkəti də tədbirə dəstək verir.