Card image cap

ADNSU ilə Türk universitetləri və müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) Zonquldak Bülent Ecevit Universiteti və “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında əməkdaşlıq görüşü keçirilib.

Görüş çərçivəsində Zonquldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer  və “Türkiye Petrolleri Anonim Ortaklığı”  şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz və nümayəndə heyəti ADNSU-nun, o cümlədən Azərbaycan–Fransız Universitetinin (UFAZ) tədris laboratoriyalarında olub, Lazer Mərkəzi, Heydər Əliyev adına lektoriya, universitetin tarix muzeyi, həmçinin Türkiyə-Azərbaycan Dostluq Mərkəzində olub, auditoriyaları gəzib və burada yaradılan şəraitlə yaxından tanış olublar.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı nümayəndə heyəti ilə görüşüb, qonaqları salamlayaraq universitet, tədris prosesi, görülən işlər, əməkdaşlıq əlaqələri və yeni layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Zonquldak Bülent Ecevit Universitetinin rektoru, professor İ.H. Özölçer və TPAO-nun Azərbaycan rəhbəri Halil Buğra Yavuz görüşdən məmnun olduqlarını və birgə tədris, təcrübə, xüsusu ilə neft sahəsində birgə tədris aparılmasında maraqlı olduqlarını bildiriblər.

Sonra Türkiyə nümayəndə heyəti ilə ADNSU-nun Qaz-neft-mədən fakültəsinin (QNMF) və Geoloji kəşfiyyat fakültəsinin (GKF) professor-müəllim heyəti arasında görüş keçirilib, birgə tədrisin təşkili istiqamətində görüləcək işlər və neft sahəsində yeniliklər müzakirə olunub.