Card image cap

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun anım günü keçirilib

İyunun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolundan və şəhid olduğu gün göstərdiyi şücaətlərdən danışıb. Rektor həmçinin qeyd edib ki, Azərbaycan gəncləri onun bu qəhrəmanlığından örnək götürməli və hər kəs öz üzərinə düşəni etməlidir.  

“Mübariz İbrahimovun göstərdiyi bu qəhrəmanlıq bir Azərbaycan övladının öz torpağı uğrunda olan hayqırtısıdır. Bizim gənclər  onun vətənpərvərliyindən örnək götürməlidirlər. Biz ADNSU-da M.İbrahimovun qarşısına toplaşdığımız bu heykəlinə and yerimiz kimi baxırıq” - deyə rektor bildirib.

Daha sonra  Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik  Əzizağa Qənizadə “Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və hərbi fəaliyyəti” haqqında məruzə ilə çıxış edib.  Ə.Qənizadə Azərbaycanın Mübariz kimi qəhrəman oğullarının vətən, xalq uğrunda hər an canlarını qurban verməyə hazır olduğunu vurğulayıb.

“Mübariz qəhrəman doğulmamışdı, lakin ətrafında yaşananlar onu qəhrəman kimi yetişdirdi. Onun kimi qəhrəman igidlərimiz on minlərlədir. Ona görə də Azərbaycan hər zaman qəhrəmanları ilə fəxr edib və gün gələcək biz öz torpaqlarımızı düşməndən azad edəcəyik” - deyə Ə.Qənizadə bildirib.

Tədbiri yekun sözü ilə başa vuran ADNSU-nun rektoru prof M.Babanlı Mübariz İbrahimovu bir daha anaraq onun qəhrəmanlığının Azərbaycan gəncinin vətənə nə qədər dərin məhəbbət bəslədiyini bir daha sübut etdiyini deyib. O bunun aprel döyüşlərində bir daha özünü  göstərdiyini vurğulayıb.

Tədbirin sonunda “Müharibə” haqqında musiqi səsləndirilib.