Card image cap

ADNSU-da “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun Günü” qeyd edilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov, universitetin İctimai Etimad Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bu il 1904 nəfər tələbənin məzun olduğunu deyən rektor M.Babanlı 2016-2017-ci tədris ilində 190 nəfər bakalavr və 168 magistrantın universiteti fərqlənmə diplomu ilə bitirdiyini qeyd edib. Rektor həmçinin bu il ADNSU-nun tələbəsi Rüfət Manquşovun 4 illik bakalavr təhsilini 3 il müddətinə başa vurduğunu bildirib.

“2017-2018-ci tədris ili üçün ADNSU-nun magistratura səviyyəsinə 526 nəfər qəbul olunub və universitetin ayırdığı plan yerlərinin 92,6%-i dolub. Bu Azİİ-nin tarixində ən yüksək göstəricidir. Buna görə mən universitetimizin professor-müəllim heyətinə öz minnətdarlığımı bildirirəm”, - deyə rektor M.Babanlı deyib.

Məzunları təbrik edən Nəsimi Rayon İcra başçısı Asif Əsgərov onlara gələcək həyatında uğurlar arzulayıb. Azİİ-nin hər zaman keyfiyyətli təhsili ilə fərqləndiyini deyən A.Əsgərov bu ali məktəbin məzunlarının müxtəlif sahələrdə böyük uğurlar qazandığını bildirib.

Millət vəkili Məlahət İbrahimqızı məzunları təbrik edib, müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Millət vəkili, professor Hüseynbala Mirələmov ADNSU məzunlarını təbrik edib, onlara gələcəkdə universitetin adını layiqincə təmsil etməyi tövsiyyə edib.

Daha sonra universiteti əla qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib. Ən yaxşı məzunların adı simvolik kötüyə həkk olunub.

Tədbir universitetin “Gənclik” mahnı və rəqs ansamblının çıxışı və tanınmış müğənnilərin ifaları ilə davam etdirilib.