Card image cap

ADNSU dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə yeni əməkdaşlıq razılaşmaları əldə edib

73 ölkədən 208 universitet rəhbərinin iştirak etdiyi və təhsildə yeni  tendensiyalar və innovasiyalara həsr olunmuş Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Vyana konfransında iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru prof. Mustafa Babanlı tədbir çərçivəsində bir sıra faydalı görüşlər keçirib.

İspaniyanın nüfuzlu Alkala universitetinin rektoru ilə “Erasmus+” proqramı üzrə tələbə mübadiləsi məsələsi müzakirə edilib və iki ali məktəb arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni sahələri əhatə etməsinə dair razılıq əldə olunub. Rektor M.Babanlı Meksikanın CETYS, Çinin SİAS, Fransanın Qrenobl universitetləri, eləcə də Kalabriya universiteti ilə əməkdaşlığa dair müzakirələr aparıb və yeni istiqamətlər üzrə əməkdaşlığa dair razılığa gəlinib. Belə ki, Meksikanın CETYS Universiteti hər il təşkil etdiyi ənənəvi yay məktəbinin bundan sonrakı illərdəki tədbirlərində iştirak üçün ADNSU tələbələrinə təqaüd ayırıb. SİAS Universiteti ikitərəfli mübadilə çərçivəsində ADNSU tələbələrinin Çində bir və ya iki semestrlik təhsil alması üçün təqaüd təklif edib. Kalabriya Universitetinin rəsmiləri ilə ilkin danışıqlar əsasında təhsildə virtual reallığa əsaslanan simulyasiyaların ADNSU-da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Qrenobl universiteti ilə Biznesin idarə olunması ixtisası çərçivəsində ikili və üçlü proqramın təşkil edilməsi barədə razılığa gəlinib.

Konfrans zamanı UPBA-nın idarəedici heyətinin növbəti 3 il üçün strateji planları müzakirə və qəbul edilib. UPBA ADNSU rektoru M.Babanlıya qurumun regional koordinatorluğunun həyata keçirilməsini və 2018-ci ilin yazında Bakıda UPBA-ya üzv olan universitet rektorlarının iştirakı ilə beynəlxalq konfransın keçirilməsini təklif edib.

UPBA-nın regional koordinatorluğunun Azərbaycanın ali məktəbinə təklif olunması ADNSU-nun, bütövlükdə isə respublikanın təbliğatı üçün faydalı olmaqla yanaşı, ADNSU-nun təşəbbüsü və rəhbərliyi ilə bir sıra regional layihələrin başlanması və inkişaf etdirilməsinə təkan verəcəkdir.