Card image cap

ADNSU ilə “SOCAR Fugro” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “SOCAR Fugro” MMC-nin baş direktoru Fikrət Əliyevlə görüşüb.

Tərəflər arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə bir sıra ortaq məsələlərin həlli yolları barədə geniş söhbət aparılıb. 

Startap layihələrindən və müəssisələrlə əməkdaşlıqdan danışan ADNSU-nun rektoru, professor M.Babanlı əmək bazarının və müəssisələrin ehtiyacı olan kadrların hazırlanmasında birgə mövzuların seçilməsinin əhəmiyyətini qeyd edib. Müasir texniki problemlərin öyrənilməsi və həlli yollarının işlənməsi məqsədilə universitet və müəssisələrlə əlaqələrin inkişafının mühüm önəm daşıdığını qeyd edən rektor M.Babanlı müəssisə tərəfindən onlara lazım olan fənlərin seçilib, universitet tərəfindən elmiləşdirilib, tətbiq edilməsi yönündə işlər aparılacağını bildirib.

Rektor, professor M.Babanlı həmçinin vurğulayıb ki, müəssisə tərəfindən seçilmiş mövzular həm də gələcək elmi layihələrin təməli hesab olunur.

“SOCAR Fugro” MMC-nin baş direktoru F.Əliyev ADNSU ilə əməkdaşlığa yüksək önəm verdiklərini və kadr hazırlığı sahəsində birgə çalışmaqdan məmnun olduqlarını qeyd edib. F.Əliyev həmçinin bildirib ki, tələbələrin müəssisələrdə təcrübə keçməsi və həmin müəssisəyə lazım olan mövzuların tədris olunması hər iki tərəfin maraqlarına xidmət edən məqamdır və bunun üçün davamlı əməkdaşlıqda maraqlıdırlar.

Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, birgə əməkdaşlıq çərçivəsində universitetin 11 tələbəsi “SOCAR Fugro” MMC-də yay təcrübə proqramında iştirak etmək hüququ qazanıb.