Card image cap

Almetyevsk Dövlət Neft İnstitutunun nümayəndə heyəti ADNSU-da olub

İyulun 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tatarstan Respublikasının Almetyevsk Dövlət Neft İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru dos. Qasım Məmmədov, elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru dos. Rauf Əliyarov, tərbiyə işləri üzrə dos. Ata Babayev, Almetyevsk Dövlət Neft İnstitutunun rektor vəzifəsini icra edən Robert Zaqitoviç və universitetin nümayəndə heyəti iştirak edib.  

İki universitet arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə, tərəflər yeniliklər, strategiyalar və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıb.

ADNSU-nun tədris işləri üzrə prorektoru dos. Qasım Məmmədov ADNSU-da tədris prosesi, fakültələr, statistik göstəricilər, beynəlxalq əlaqələr, ikinci ali təhsil, startap məktəbi, startap layihələri, əcnəbi tələbələr və universitetin nəzdində 1 ildir ki fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında qonaqlara geniş məlumat verib. Yeni açılan Lazer mərkəzindən danışan dos. Q.Məmmədov ADNSU-nun əsas hədəfinin universiteti elmi-tədqiqat mərkəzinə çevirmək olduğunu qeyd edib.

ADNSU-nun elm və texnika (elmi işlər) üzrə prorektoru dos. Rauf Əliyarov universitetin əsas strategiyasının təhsilin keyfiyyətini artırmaq olduğunu, bununla əlaqədar xarici müəllimlərin dəvət olunduğunu və hər 5 ildən bir professor-müəllim heyətinin imtahan verdiyini qeyd edib. Universitetin digər bir strategiyasının tələbələr və məzunların işlə təmin olunmasını deyən R. Əliyarov, ADNSU-da keçirilən Məzun və Karyera sərgisindən danışıb və universitetin 92% maqistr tələbələrinin müxtəlif müəssisələrdə işlədiklərini vurğulayıb. O, ADNSU-nun işlə təmin etmə üzrə Respublikada Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən sonra 3-cü yer tutduğunu qeyd edib.

Almetyevsk Dövlət Neft İnstitutunun rektor vəzifəsini icra edən R.Zaqitoviç rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. O, təmsil etdiyi ali məktəbin Rusiyanın 34 neft-qaz profilli ali məktəb arasında 5-ci yer tutduğunu vurğulayıb. Universitetin əsas məqsədinin Rusiyanın ən yaxşı neft profilli təhsil müəssisəsinə çevirilmək olduğunu qeyd edən R.Zaqitoviç 95% tələbənin işlə təmin olunmasının Rusiyada ali məktəblər arasında ən yüksək göstərici olduğunu deyib. Gələcək işlərin görülməsi və hansı istiqamətlərdə əməkdaşlığın aparalıcağını müəyyən etmək üçün R.Zaqitoviç ADNSU rəhbərliyini oktyabrda keçiriləcək beynəlxalq konfransa və Almetyevsk Dövlət Neft İnstitutuna dəvət edib.

Xatirə hədiyyələri təqdim edildikdən sonra, nümayəndə heyəti ADNSU-da fəaliyyət göstərən tarix muzeyini ziyarət edib.