Card image cap

ADNSU-nun rektoru UFAZ tələbələri ilə görüşüb

Sentyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb. Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov və UFAZ-ın baş katibi Şarlotta Payen də iştirak edib.

2016/2017-ci tədris ilinin statistik göstəriciləri haqqında danışan rektor, professor Mustafa Babanlı yeni tədris ilində əldə olunan nəticələrə əsasən UFAZ-a olan marağın daha da artdığını bildirib. Belə ki, ötən il UFAZ-a sənəd verən abituriyentlərin sayının 315 olduğunu bildirən rektor bu il həmin sayın 423 olduğunu deyib. Yeni tədris ilində UFAZ-da I kursda 147 tələbənin təhsil alacağını qeyd edən rektor onların həm Strasburq Universitetinin, həm də ADNSU-nun tələbəsi adı qazandıqlarını vurğulayıb. Demokratik mühitin ən pik şəraitinin UFAZ tələbələri üçün yaradıldığını qeyd edən rektor tələbələrin də onlara göstərilən bu qayğını maksimum şəkildə mənimsəyərək öz üzərlərində möhkəm çalışmalı olduqlarını bildirib. İmtahan prosesi haqqında da danışan rektor dərslərin ingilis dilində keçiriləcəyini və tələbələrin texniki ingilis dilini mənimsəməsinin əhəmiyyətini qeyd edib. Tədris ilinin yekununda ən yaxşı nəticələri göstərən tələbələrin Strasburq Universitetinə 2 həftəlik səfərinin baş tutacağını bildirən rektor onlara bu fürsətdən maksimum yararlanıb öz biliklərini göstərməyi tövsiyə edib.

Sonda tələbələrə yeni tədris ilində uğurlar arzulayan rektor onları maraqlandıran sualları cavablandırıb.