Card image cap

ADNSU-da Kimya Texnologiya fakültəsinin I kurs tələbələri ilə görüş olub

Sentyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya Texnologiya fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev və Kimya Texnologiya fakültəsinin dekanı, dosent Fəttah Həşimov iştirak edib.

Tərbiyə işləri üzrə prorektor A.Babayev tədbiri giriş sözü ilə açaraq gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edən prorektor, onlara intizamlı olmağı və dərslərə ciddi hazırlaşmağı tövsiyə edib. A.Babayev qeyd edib ki, nizam-intizamlı olmadan təhsildə uğur qazanmaq olmaz. Daha sonra prorektor dos. A.Babayev universitetdə tələbələrin yüksək təhsil almaları və dərin biliklərə yiyələnmələri üçün yaradılan şəraitdən danışıb. 

ADNSU-nun yüzlərlə tanınmış və savadlı məzunu olduğunu qeyd edən THİK-in sədri N.Gəncəyev Tələbə Həmkarlar İttifaqı Komitəsinin universitet üzrə gəncləri bir araya toplayan ilk və yeganə qurum olduğunu vurğulayıb. N.Gəncəyev tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün universitetdə fəaliyyət göstərən dərnəklər və klublar haqqında ətraflı məlumat verib. N.Gəncəyev qeyd edib ki, hər bir tələbə universitetdə fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblına, “Maqnat” intellektual klubuna, “Şən və Hazırcavablar” klubuna, eləcə də Debat və İdman klublarına üzv ola və orada aktiv iştirak edə bilər.   

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.