Card image cap

UFAZ-da Gənclər Günü münasibətilə tədbir keçirilib

Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) Gənclər Günü münasibətilə tələbələrlə görüş keçirilib. Tədbirdə UFAZ-ın direktoru Vazeh Əsgərov, ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və UFAZ tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UFAZ-ın direktoru V.Əsgərov Gənclər günü münasibətilə tələbələri təbrik edib və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.  Tələbələrin sosial həyatı, istirahəti və məşğulluğundan söz açan V.Əsgərov bu sahədə gənclərə hər cür şərait yardıldığını qeyd edib.

Tədbirdə çıxış edən tədris işləri üzrə prorektor Q.Məmmədov UFAZ-ın yaradılmasının Azərbaycan gənclərinə verdiyi xüsusi şansı vurğulayıb. Gənclərə yüksək biliklərə yiyələnməyi və eyni zamanda öz üzərlərinə işləməyi tövsiyyə edən Q.Məmmədov artıq tələbələrin ölkəni tərk etmədən Strasburq universitetinin diplomunu almaq şanslarının olduğunu qeyd edib.

Tərbiyə işləri üzrə prorektor A.Babayev müasir Azərbaycan gəncləri üçün yaradılan şəraitdən və gənclərin yüksək ali təhsil almaları üçün görülən işlərdən danışıb. O qeyd edib ki, bacarıqlı mütəxəssis olmaq və harada olmasından asılı olmayaraq Azərbaycançılığı təbliğ etmək hər bir tələbənin ən ümdə vəzifəsidir.

Tələbələri Gənclər Günü münasibətilə təbrik edən ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev onları universitetin həyatında baş verən hadisələrdə aktiv olmağa dəvət edib.

Sonda tələbələrin sualları cavablandırılıb və onları maraqlandıran mövzular ətrafında geniş müzakirələr keçirilib.