Card image cap

ADNSU-da Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib

Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı müəllim adını şərəflə daşıyan bütün müəllimləri təbrik edib. Müəllimlik peşəsinin nüfuzundan və əhəmiyyətindən söz açan ADNSU-nun rektoru, professor M.Babanlı Azərbaycanda müəllimə hər zaman yüksək qiymət verildiyini qeyd edib.

“Müəllim peşəsi bizdə hər zaman yüksək qiymətləndirilib. Bundan sonra da bu ada xələl gəlməsinə imkan verməməliyik. Cənab prezident İlham Əliyevin təhsilə göstərdiyi yüksək qayğıya cavab olaraq biz də yüksək ixtisaslı kadrlar hazırlamalıyıq” - deyə rektor, professor M.Babanlı bildirib.

ADNSU-nun professor və müəllim heyətini özəl gün münasibətilə təbrik edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan müəlliminin hər zaman nüfuzlu olduğunu və ADNSU-da hər zaman savadlı və bu cür nüfuzlu müəllimlər çalışdığını deyib. Azİİ-nin (indiki ADNSU) hər gəncin arzusu olan bir ali məktəb olduğunu qeyd edən millət vəkili A.Mirzəzadə bu gün də universitetin ən sevilən təhsil ocaqlarından olduğunu deyib.

ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov müəllimlər gününü müqəddəs gün adlandırıb və bütün həmkarlarını bu gün münasibətilə təbrik edib.

“Məktəblər sözün həqiqi mənasında məbəddir və müəllimlər də bu məbədin müqəddəs kahinləridir. Bu gün olduqca əlamətdar bir gündür” - deyə H.Mirələmov bildirib.

Daha sonra 2016/2017-ci tədris ilində əmək fəaliyyətlərini qüsursuz başa vuran 20 nəfər mükafat alan müəllimlərin adları açıqlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə fərdi təqaüd verilən ADNSU-nun professoru Kamal Abdullayev ona göstərilən diqqət və dəyərə görə hər kəsə xüsusi təşəkkürünü bildirib.

“Mən bu böyük mükafata görə ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm və fəxr edirəm ki,  bu gün inkişaf etmiş bir ölkədə yaşayıram.” - deyə professor  K.Abdullayev bildirib.

Tədbirin sonunda ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, desent Ata Babyev tədbir iştirakçılarının Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciətini oxuyub.