Card image cap

11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ADNSU-nun stendi böyük maraqla qarşılanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir. “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ali məktəbdə tədris olunan ixtisaslar, ikili proqramlar, universitetin beynəlxalq əlaqələri geniş şəkildə təqdim olunub.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

İştirakçıları salamlayan Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, sərgidə son illərdə nazirlik tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət ili” elan edildiyini xatırladan Təhsil naziri Mikayıl Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.

Daha sonra respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edib və milli rəqslər ifa olunub.

Sonra stendlərə baxış keçirilib. ADNSU-nun stendində rektor, professor Mustafa Babanlı təhsil naziri Mikayıl Cabbarova universitetdə tədris olunan ixtisaslar, ikili proqramlar, universitetin beynəlxalq əlaqələri haqda məlumat verib. Həmçinin, M.Cabbarov ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin GRP, KubiRub, Camtouch, Multivizor və digər layihələrinin prototipləri ilə tanış olub.

ADNSU-nun stendi ziyarətçilərin də böyük marağına səbəb olub. Stenddə universitetin professor-müəllim heyətinin mühəndislik, neft-kimya və informasiya texnologiyalarına aid kitabları, dərs vəsaitləri nümayiş olunur. Bununla yanaşı, sərgi iştirakçıları ADNSU-nun stendində videoçarx, azərbaycan, rus və ingilis dilində prospektlər, üç adda buklet, iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış olublar. ADNSU-nun stendində universitetin nəzdində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzinin GRP, KubiRub, Camtouch, Multivizor və digər layihələrinin prototipləri nümayiş olunur. Onu da qeyd edək ki, oktyabrın 7-də “eazi START” Startap və İnnovasiya Mərkəzinin üç layihəsi sərginin lektoriya səhnəsində sərgi iştirakçılarına ayrıca təqdim olunacaq. Sərginin mərkəzi səhnəsində ADNSU-nun çoxsaylı beynəlxalq festivalların qalibi olan yarım əsrdən çoxdur ki, fəaliyyət göstərən “Gənclik” Mahnı və Rəqs ansamblının nümayəndəsinin rəqs nömrəsi ilə iştirakı da nəzərdə tutulub. Onu da qeyd edək ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti – UFAZ da sərgidə özünün geniş tədris imkanlarını təqdim edir.

11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində 14 ali təhsil müəssisəsinin stendləri yer alır. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzləri təqdim olunacaq.

Ümumilikdə, üç gün ərzində sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.