Card image cap

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının birinci kurs tələbələri üçün təqdimatı keçirilib.

Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev gənclərə tövsiyələrini verib, onları könüllü olmağa, ölkəmiz və gələcəyimiz üçün birləşməyə, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb.

“Bir” Tələbə - Könüllü proqramının yaranması haqqında birinci kurs tələbələrinə ətraflı məlumat verən proqramın meneceri Canoğlan İlyasov tələbələrin inkişaf etməsi və təcrübə qazanması üçün Təhsil Nazirliyinin bu proqramı təklif etdiyini bildirib. Həmçinin, proqramın yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqda geniş məlumat verilib. Tədbir proqramın universitetdəki koordinatorlarının maraqlı çıxışları ilə davam edib.

Sonda tələbələr üçün əyləncəli viktorina keçirilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.