Card image cap

ADNSU-da Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd olunub

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor  Mustafa  Babanlı, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili, ADNSU-nun professoru  Hüseynbala  Mirələmov, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun rektoru, professor M.Babanlı öz çıxışında 18 oktyabr təqvim gününün Azərbaycanın tarixində ən şanlı və əlamətdar günlərdən biri olduğunu bildirib. Azərbaycan xalqının müstəqillik yolunda etdiyi fədakarlıqlardan, Ulu öndər Heydər Əliyevin bu yolda apardığı uğurlu siyasətdən danışan rektor, M.Babanlı tarixə ekskursiya edərək həmin dövrün ictimai-siyasi vəziyyətindən və  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasından söz açıb.

Müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu barədə danışan rektor, professor M.Babanlı dövlət müstəqilliyinin əbədi və dönməz olması üçün hər bir vətəndaşın üzərinə vəzifələrin düşdüyünü, ölkənin inkişaf etdirilməsi işinə hər kəsin öz töhfəsini verməli olduğunu vurğulayıb.

Millət vəkili M.İbrahimqızı o dövrün gerçəkliklərini xatırladaraq Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin qürurverici və gözəl hiss olduğunu deyib. O, 26 ildir ki, müstəqil olan dövlətimizin bu çətin və şərəfli yolda verdiyi qurbanlardan söz açıb və qeyd edib ki, müstəqilliyin qorunması hər bir Azərbaycan vətəndaşının, o cümlədən gənclərin bir nömrəli vəzifəsidir.

Millət vəkili, professor Hüseynbala Mirələmov Azərbaycanın əsl müstəqilliyinə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qovuşduğunu söyləyib və gənclərə dövlət müstəqilliyinin keşiyində durmağı tövsiyə edib. “Müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir. Bu mənada siz gənclərin üzərinə çox böyük məsuliyyət və vəzifə düşür.” - deyə millət vəkili, professor H.Mirələmov qeyd edib.