Card image cap

ADNSU-nun professoru “İlin alimi” mükafatının qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə keçirilən “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələri yekunlaşıb. Oktyabrın 16-da qaliblərin mükafatlandırılması mərasimi olub.

Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev müsabiqə haqqında məlumat verib. Bildirilib ki, “İlin alimi” müsabiqəsi EİF tərəfindən ilk dəfədir keçirilir. Mütəmadi keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlər əsasında müsabiqə yolu ilə qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutur.

Müsabiqə iki nominasiya üzrə keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə yanaşı, təhsil müəssisələri də müsabiqədə fəal iştirak ediblər. Səkkiz alim “2016-cı ilin alimi” müsabiqəsinin, dörd alim isə “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi seçilib.

Sonda qaliblər mükafatlandırılıblar. Onlara xüsusi hazırlanmış adlı medal və diplomlar təqdim olunub.

Müsabiqə nəticəsində Fizika, riyaziyyat və texnika elmləri üzrə 3, Kimya elmləri üzrə 4, Tibb, biologiya və aqrar elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub. Qaliblər arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Doktorantura şöbəsinin müdiri, texnika elmləri doktoru Lətafət Qardaşovanın da adı yer alıb. Eyni zamanda universitetin “Kompüter mühəndisliyi” kafedrasının professoru olan L.Qardaşova “2016-cı ilin alimi” müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiyası üzrə qalib elan olunub.

Lətafət xanım müsabiqə haqqında təəssüratlarını bizimlə bölüşdü:

 

- Lətafət xanım, “2016-cı ilin alimi” olduğunuz üçün sizi təbrik edirik. İstərdik təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Təşəkkür edirəm. Riyaziyyat və texnika sahəsində mükafata layiq görülmək mənə çox xoşdur. Bu gələcək fəaliyyətim üçün mənə stimul və ruh yüksəkliyi verir. Eyni zamanda bu mükafat bir məsuliyyətdir. Bu mükafata layiq görülməyim münasibətilə E.İ.F-ə, Azİİ-nin əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində böyük işlər görən universitet rəhbərliyinə və mənsub olduğum dünya şöhrətli alim Lütfi Zadə və onun davamçılarının məktəbinə minnətdarlığımı bildirirəm.

 

- “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin keçirilməsində əsas məqsəd nədir?

- “İlin alimi” müsabiqəsi EİF tərəfindən ilk dəfədir təşkil olunur və mütəmadi keçirilməsi planlaşdırılır. Müsabiqənin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş, təsir əmsallı (impakt faktorlu) tanınmış bazalarda indeksləşən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin EİF tərəfindən müəyyənləşdirilməsi, beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.

 

- Müsabiqədə qiymətləndirmə hansı meyarlara uyğun aparılıb?

- Müsabiqədə müxtəlif bölmələri əhatə edən ümumilikdə 25 meyar üzrə qiymətləndirmə aparılıb. Bunlara elmi məqalələr, kitablar, elmi işlərə 2016-ci ildə olan istinadlar, beynəlxalq elmi əməkdaşlıq, ölkədaxili və xarici konfrans, elmi seminarlarda çıxışlar, kadr hazırlığı, xarici elmi jurnallar, elmi-təşkilati işlərlə bağlı komissiyalarda fəaliyyət, tədris fəaliyyəti və s. daxildir. Mən Riyaziyyat və texnika sahəsində bu meyarlara uyğun gəldiyim üçün təltif olundum.

 

- Ümumiyyətlə, son vaxtlar elmi sahədə görülən işləri necə qiymətləndirirsiniz?

Bu bir reallıqdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yarandığı dövrdən elm sahəsində çalışan tədqiqatçı və alimlərin fəaliyyətinə təkan verir, ali məktəblərin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir və elmi texniki potensialı dəstəkləyir. Bu cür müsabiqələrin keçirilməsi də elmlə məşğul olan insanların fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, alimləri öz üzərlərində daha yaxşı işləməyə sövq edir. Elmi-texniki potensialın yüksək səviyyədə olması respublikamızın iqtisadiyyatının davamlı inkişafı üçün vacib amillərdəndir. Respublikamızda yeni informasiya texnologiyalarının bugünkü inkişaf səviyyəsi, Soft kompütinq texnologiyalarının sürətli inkişafı Azərbaycan elmini dünya elminə inteqrasiya etmək üçün əlverişli imkanlar açıb.

 

- Sizin fikrinizcə hazırda ADNSU-nun elmi potensialı hansı səviyyədədir?

-  Universitetimizin rektoru, professor Mustafa Babanlının da dediyi kimi bizim məqsədimiz Azİİ-ni yalnız tədris müəssisəsi deyil, eyni zamanda böyük elm mərkəzinə çevirməkdir. Biz bu sahədə var gücümüzlə çalışırıq. ADNSU-nun elmi işlərdə ən böyük uğuru “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayında ciddi artımın olmasıdır. Son 2 ildə biz göstəricilərimizi bir neçə dəfə yüksəltmişik. Bundan başqa ötən il universitetimizdə Tələbələrin 65-ci Elmi Texniki Konfransı keçirilib. Cari ilin sentyabr ayında ADNSU Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransına ev sahibliyi edib. Universitetimizdə elmi sahənin inkişafı üçün rəhbərlik bir çox addımlar atıb və  bu istiqamətdə işlər davam edir.

 

- Lətafət xanım, gələcək elmi fəaliyyətiniz haqqında məlumat verərdiniz. Hansı planlarınız var?

- Hazırda 5 fəlsəfə doktoruna rəhbərlik edirəm. Onların dissertasiya mövzularında qoyulan problemlərlə əlaqədar indeksli bazalarda nəşr olunan yeni elmi məqalələri oxuyuram, yüksək impakt faktorlu jurnallara göndərmək üçün həmkarlarımla iki məqalə üzərində işləyirəm. Magistrlərlə Soft Kompütinq texnologiyasının digər elm sahələrinə tətbiqi ilə əlaqədar tədqiqatlar aparıram. “Kompüter mühəndisliyi” kafedrasında elmi-tədqiqat işinə  rəhbərlik edirəm. Eyni zamanda da tədrislə məşğulam, son illər oxuduğum mühazirələr əsasında  “Sistemli analiz və kompüterdə modelləşdirmə” fənni üzrə dərslik hazırlayıram. ADNSU-da doktorantura təhsilinin yüksək səviyyədə idarə olunması üçün xarici universitetlərin təcrübəsini öyrənirəm, çalışıram ki, təşkilati fəaliyyətimlə doktorantları dəstəkləyə bilim. Bir sözlə, planlaşdırdıqlarım işlər görə biləcəyimdən çoxdur.