Card image cap

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq çərçivəsində universitetdə olan BBA, MBA proqramı üzrə almaniyalı professor Mattias Şmidt, DAAD-ın Bakı bürosunun rəhbəri Ştefani Düfo və təcrübəçi Franziska Lengerer ilə görüş keçirib.

Alman universitetləri ilə əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, professor M.Babanlı ikitərəfli münasibətlərin gedişinin çox yaxşı olduğunu və birgə əməkdaşlığın artan templə inkişaf etdiyini qeyd edib.

Professor M.Babanlı tələbələrin daha yüksək biliklər əldə etməsi üçün qarşılıqlı mübadilənin əhəmiyyətini vurğulayıb. Rektor həmçinin qeyd edib ki, bu baxımdan hazırda bir sıra işlər görülür və yaxın vaxtlarda mübadilədə iştirak edən azərbaycanlı tələbələrin sayı qədər alman tələbənin qəbul edilməsi nəzərdə tutulur. Hər iki tərəfdən eyni sayda tələbə mübadiləsinin vacib olduğunu deyən rektor M.Babanlı azərbaycanlı tələbələrin alman dilinə olan marağından söz açıb və alman dilli tədrisdə maraqlı olduğunu qeyd edib.

Azərbaycanda və ADNSU-da olmaqdan məmnum olduqlarını dilə gətirən qonaqlar universitetlə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, yeni layihələr üzərində işləmək istədiklərini bildiriblər.

Görüşdə həmçinin azərbaycanlı tələbələrin bilik səviyyəsi, proqramların tərtibatı və fənlərin müzakirəsi aparılıb.