Card image cap

UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub

Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirlib.

Tədbirdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidentinin müavini Filip Turek, Strasburq Universitetinin  kimya fakültəsinin direktoru Jan-Mark Planeks, həmçinin ölkəmizdə fəaliyyət göstərən fransız şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş katib Şarlotta Payen qonaqları salamlayaraq tədbir iştirakçılarına UFAZ haqqında məlumat veriblər. Daha sonra UFAZ tələbəsi tərəfindən hazırlanan və universitetin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.

Çıxış edən səfir O.Buşez Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə irəli sürülən UFAZ layihəsinin əsasının qoyulmasından danışıb. Strasburq Univeritetinin eynisi olan və eyni əsaslı pedaqoji tədris daşıyıcıları üzərində qurulan universitetin əsas qüvvəsinin məhz tələbələr olduğunu deyən səfir O.Buşez təqdim olunacaq tələbə kartları ilə UFAZ tələbələrinin fransalı tələbələrlə eyni statusa malik olacaqlarını qeyd edib.

ADNSU-nun rektoru, professor M.Babanlı UFAZ-da artıq 2-ci dəfə təşkil olunan bu mərasimin tələbələrin uğura gedən yoldakı ilk addımları olduğunu deyib. Rektor M.Babanlı Azərbaycan tərəfi ilə yanaşı Starsburq tərəfinin də UFAZ-ın faəliyyətinə öz töhfələrini verəcəyinə ümid etdiyini deyib. UFAZ tələbələrinin bu gündən Strasburqlu tələbələrlə eyni dividendlərə malik olacağını qeyd edən rektor, professor M.Babanlı bu münasibətilə tələbələri təbrik edib. UFAZ görüləcək yeniliklərdən danışan rektor, professor M.Babanlı noyabr ayının 7-dən 2 yeni laboratoriyanın da tələbələrin istifadəsinə veriləcəyini bildirib.

Strasburq Universitetinin rektoru adından tədbir iştirakçılarını salamlayan universitetin kimya fakültəsinin direktoru J.Planeks təmsil etdiyi heyətlə birlikdə UFAZ-da tədris prosesinə və universitetin inkişafına öz töhfələrini vermək niyyətində olduqlarını deyib.

Daha sonra UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib. Tədbirdə “Nə?, Harada? Nə vaxt?” intellektual oyununda 1-ci yeri tutan 5 nəfər UFAZ tələbəsinə mükafat təqdim olunub. Sonda UFAZ tələbələrinin ifasında fransız dilində mahnı səsləndirilib.