Card image cap

ADNSU ilə AMEA Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovla görüşüb. Görüşdə ADNSU-nun professor-müəllim heyəti və Fizika İnstitutunun əməkdaşları iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq akademik Nazim Məmmədov başda olmaqla Fizika İnstitutunun əməkdaşlarını universitetdə görməkdən məmnun olduğunu bildirib. ADNSU-da elmi işlərə hər zaman önəm verildiyini vurğulayan rektor, professor Mustafa Babanlı Fizika İnstitutu ilə bağlanacaq müqavilənin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Azİİ (ADNSU) kimi nüfuzlu ali məktəblə əməkdaşlıq etməkdən çox şad olduğunu bildirib və iki tərəf arasında bağlanacaq müqavilənin Azərbaycan elminə böyük töhfə verəcəyinə inandığını deyib.

Daha sonra ADNSU ilə AMEA Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə imzalandıqdan sonra ADNSU və AMEA Fizika İnstitutunun alimləri birgə əməkdaşlıq haqqında fikirlərini bölüşüb və gələcəkdə görülə biləcək işlər haqqında məlumat veriblər.