Card image cap

Fransa Milli Assambleyasının üzvləri UFAZ-da olublar

Noyabrın 2-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub. Əvvəlcə UFAZ-ın binasını gəzən qonaqlar universitetdəki tədris prosesi, dərs otaqları, laboratoriyalarla tanış olub, professor-müəllim heyəti və tələbələrlə görüşüblər.

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı fransalı nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katib Şarlotta Payen və ADNSU-nun nümayəndələri iştirak edib.

UFAZ-ı ziyarət etdiklərinə görə Fransa nümayəndələrinə öz minnətdarlığını bildirən rektor Mustafa Babanlı Fransanın rəsmi şəxslərinin universitetə gəlişinin tələbələrdə ruh yüksəkliyi yaratdığını deyib. UFAZ layihəsinə dünyanın hər yerindən böyük marağın olduğunu diqqətə çatdıran rektor, prof. M.Babanlı yaxın vaxtlarda ADNSU-nun da bu səviyyəyə qaldırılması üçün fəaliyyət göstərildiyini qeyd edib. UFAZ-a Təhsil Nazirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Strasburq Universiteti tərəfindən böyük diqqət göstərildiyini deyən rektor M.Babanlı universitetin gələcəkdə daha da inkişaf edərək hər iki tərəfə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

UFAZ-a gəlişindən çox şad olduğunu deyən Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan burada yaradılan şəraitdən məmnun qaldığını qeyd edib. Bu tipli layihələrin əhəmiyyətindən danışan P.Rafan UFAZ-da təhsil alan tələbələrin gələcəkdə Azərbaycan və Fransa arasında əlaqələrin daha da inkişaf etməsində və hər iki ölkənin inkişafında mühüm rol oynayacaqlarını bildirib.