Card image cap

ADNSU-nun rektoru Misir Mədəniyyət Mərkəzinin müdiri ilə görüşüb

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Misir Mədəniyyət Mərkəzinin (MMM) müdiri Əhməd Sami Elaydi ilə görüşüb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor M.Babanlı ölkəmizdəki təqdirəlayiq fəaliyyətinə görə Ə.S.Elaydiyə təşəkkürünü bildirib.   ADNSU-nun tarixi, tədris prosesi, fakültələri və əcnəbi tələbələri haqqında qonağa ətraflı məlumat verən rektor, professor M.Babanlı Misirlə əlaqələrin önəmini vurğulayıb. Misirin ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməyinin və misirli tələbələrin ADNSU-ya cəlb olunmasında birgə əməkdaşlığın vacibliyini diqqətə çatdıran rektor, professor M.Babanlı Misirdə ADNSU-nun filialının açılmasında da maraqlı olduğunu qeyd edib.

Dəvət üçün rektor, professor M.Babanlıya təşəkkürünü bildirən qonaq Ə.S.Elaydi ADNSU ilə istənilən formada əməkdaşlığa hazır olduqlarını deyib. Əlaqələrin daha da sıx olması və yeni əməkdaşlıqların qurulmasında maraqlı olduğunu deyən Ə.S.Elaydi tələbələrin universitetə cəlb olunması, onlara müəyyən imtiyazların ayrılması, eləcə də tələbələrin, professor və müəllim heyətinin qarşılıqlı mübadiləsinin əhəmiyyətini qeyd edib. Ə.S.Elaydi misirli gənclərə ADNSU haqqında məlumat verəcəyini deyib.

Tədbirin sonunda qonaq rektor, professor M.Babanlıya xatirə hədiyyəsi təqdim edib.