Card image cap

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının vitse-prezidenti SOCAR-AQŞ-də olub

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) Xəzər hövzəsi üzrə komitəsi təsis edilib.

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mike DuBose və assosiasiyanın Dubay nümayəndəliyinin regional təmsilçisi Hişam Zebian SOCAR-AQŞ-nin dəvəti ilə oktyabr ayının 29-dan noyabr ayının 3-nə kimi Bakıda səfərdə olub. SOCAR-AQŞ-də keçirilən görüşlərdə qonaqlar müəssisənin baş direktoru Ramin İsayev ilə müəssisənin həyata keçirdiyi qazma layihələrinə dair ətraflı fikir mübadiləsi apararaq müxtəlif təqdimatlarla tanış olublar.

Görüş zamanı M.DuBose Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulayıb.

Qonaq SOCAR-AQŞ-nin fəaliyyətini yüksək qiymətləndirərək müəssisənin respublika əhəmiyyətli bir sıra layihələrin əsas təşəbbüskarı qismində çıxış etməsindən məmnunluğunu ifadə edib.

O, IADC-nin Xəzər hövzəsi üzrə komitəsinin yaradılması istiqamətində SOCAR-AQŞ-nin iki ildən çox bir müddətdə yerli və regional tərəfdaşlarla apardığı məhsuldar müzakirələrin əhəmiyyətini vurğulayaraq yeni təsis olunan bölgə nümayəndəliyinin üzvlük sertifikatını müəssisənin baş direktoru R.İsayevə təqdim edib.

R.İsayev öz növbəsində göstərilən etimad üçün IADC-nin vitse-prezidentinə minnətdarlığını bildirərək qazma podratçılarını bir araya gətirən mötəbər beynəlxalq təşkilatın Xəzər hövzəsi üzrə nümayəndəliyinin Bakıda açılmasından məmnunluğunu ifadə edib.

Qeyd edək ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir. IADC-nin yeni yaranan Xəzər hövzəsi üzrə komitəsi regionda qazma sənayesində tanınmış milli və regional şirkətlərin, təhsil müəssisələrinin və beyin mərkəzlərinin bir araya gətirilməsində xüsusi rol oynayacaq.

IADC-nin Xəzər hövzəsi üzrə komitədə SOCAR-AQŞ ilə yanaşı, beynəlxalq qazma şirkətlərinin nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri təmsil olunur.