Card image cap

Fransanın Dövlət katibi UFAZ-da olub

Fevralın 9-da Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jan-Vənsan Plase (Jean Vincent Plase) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) olub. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin prorektorları, tələbələr və media nümayəndələri iştirak edib. 

Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov bu ali təhsil müəssisəsinin fəaliyyəti və universitetdəki tədris prosesi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.

Bildirilib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb və 141 nəfər bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Fransanın dövlət katibi Jan-Vənsan Plase Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərdə iştirak etdiyini deyib. İki ölkə arasındakı əlaqələrin inkişafından danışan Dövlət katibi təhsil sahəsində bundan sonra da əlaqələrin genişləndiriləcəyini və innovativ yeniliklərin tətbiq olunacağını qeyd edib.

“UFAZ - Fransa ilə Azərbaycan arasında ali təhsil sahəsində ən uğurlu layihədir. Biz bundan sonra da yeniliklərə və əməkdaşlığa açıq olmalıyıq.  İndi qarşımızda duran prioritet məsələlərdən biri sənədlərin elektronlaşması sahəsində innovativ add;mlar atmaqdır”, - deyə Jan-Vənsan Plase  bildirib.

Təhsil nazirinin müavini C.Bayramov bütün sahələrdə olduğu kimi təhsil sahəsində də Azərbaycan və Fransa arasındakı əlaqələrin inkişaf etdiyini söyləyib və tələbələrə bu inkişafdan yararlanmağı tövsiyə edib.

“Təhsildə inkişafa aparan ən önəmli faktorlardan biri də beynəlxalq əməkdaşlıqdır. UFAZ bizim təhsil sahəsindəki əlaqələrimizin yeni mərhələsi hesab olunur”, - deyə nazir müavini qeyd edib.

ADNSU-nun rektoru, professor M.Babanlı UFAZ-dakı tədrisdən və tələbələrin göstəricilərindən məmnun qaldığını deyib.

“Tədrisdə və keyfiyyətdə bütün prosesləri əlçatan etmək istəyirik. Tələbələrin bundan faydalanması və yeniliklərə açıq olması bizi sevindirir”, - deyə rektor M.Babanlı vurğulayıb.

Sonra qonaq Jan-Vənsan Plase UFAZ tələbələrinin fransız dilində ona ünvanladığı sualları cavablandırıb, UFAZ-da yaradılan şəraitlə tanış olub.