Card image cap

ADNSU ilə Bakı Modern Təhsil Kompleksi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Noyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Bakı Modern Təhsil Kompleksində olub. ADNSU rektoru əvvəlcə Kompleksdəki fizika və kimya laboratoriyaları, informatika otağı, ədəbiyyat kabineti, kitabxana və robototexnika sərgisi ilə tanış olub.

Daha sonra Bakı Modern Təhsil Kompleksinin müəllim və şagidləri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, prof. Mustafa Babanlı, Təhsil Kompleksinin baş direktoru, fizika elmləri üzrə fəlsəfə doktoru Mina Əliyeva, Kompleksin müəllim və şagirdləri, eyni zamanda ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva qonaqları salamlayaraq rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında iştirakçılara ətraflı məlumat verib. Kompleksdə 2 məktəb və bir uşaq bağçasının fəaliyyət göstərdiyini deyən  M.Əliyeva  təhsil müəssisəsindən indiyə kimi 46 nəfərin məzun olduğunu qeyd edib. M.Əliyeva həmçinin qeyd edib ki, Kompleks inkişaf üçün texniki istiqaməti seçib və hazırda tədrisdə bu sahəyə əsas yer verilir. Təhsil Kompleksinin 3 məzununun hazırda ADNSU-da təhsil aldığını deyən M.Əliyeva məktəbdə Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində də tədris aparıldığını qeyd edib.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, keçdiyi inkişaf yolu, fəxri məzunları, eləcə də tədris prosesi və fakültələri haqqında tədbir iştirakçılarına geniş məlumat verən rektor, professor M.Babanlı universitetdə aparılan islahatlar və görülməsi planlaşdırılan işlərdən söz açıb. ADNSU-da ali təhsil almaq istəyən gənclərin sayının hər gün artdığını qeyd edən rektor M.Babanlı şəffaf təhsil mühiti və müasir standartlara uyğun tədrisin bu yüksəlişdə əsas meyar olduğunu qeyd edib. Daha sonra rektor ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetində (UFAZ) aparılan uğurlu tədrisdən danışıb.

ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Cəmilə İsmayılzadə universitet haqqında təqdimatla çıxış edib. C.İsmayılzadə ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi, əməkdaşlıq edilən xarici universitetlər və mübadilə proqramları, eləcə də yay məktəbi haqqında ətraflı məlumat verib.

Daha sonra UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov universitet haqqında təqdimatla çıxış edib. UFAZ-a qəbul prosesi, fakültələr və tədris prosesi haqqında məlumat verən V.Əsgərov gənclərin UFAZ-a geniş marağının olduğunu diqqətə çatdırıb.

Görüşdə ADNSU ilə Bakı Modern Təhsil Kompleksi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tədbirin sonunda rektor M.Babanlı şagirdləri maraqlandıran sualları cavablandırıb.