Card image cap

UFAZ-da “Ali təhsildən gözləntilər” adlı seminar keçirilib

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib.

Seminarda nazirliyin nümayəndələri, təhsil ekspertləri, ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri və media nümayəndələri iştirak edib.

Təhsil nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Tələbə qəbulunun nəticələrinin təhlili" mövzusunda təqdimatla çıxış edib. Y.Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı ümumi məlumat verib və hər il qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb. Təqdimatda həmçinin qeyd edilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Bu il qəbul imtahanlarında 2.472 nəfər 600 baldan yüksək nəticə göstərib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri isə əvvəlki tədris ilinə nisbətən 36,3 faiz artıb.

Seminarda qeyd olunub ki, 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib.

Daha sonra “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə çıxış edərək, dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıq nəticəsində Azərbaycanın ali təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayının 57% artdığını qeyd edib. Hər iki təqdimatla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.