Card image cap

ADNSU-nun “Lazer Mərkəzi”ndə tədrisə hazırlıq prosesi gedir

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “İXUN Lazertexnik” MMC-nin icraçı direktoru, ADNSU “Lazer Mərkəzi”nin qurulmasında böyük xidmətləri olmuş Xudaverdi Kərimov və Neft-mexanika fakültəsinin “Maşınqayırma və materialşünaslıq kafedrası”nın professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə rektor, professor M.Babanlıya “Lazer mərkəzi”ndə görülən işlər, mərkəzin hazırkı vəziyyəti və tədrisə hazırlıq prosesi haqqında ətraflı məlumat verilib. Mərkəzdə kadr hazırlığını təmin etmək, eləcə də “Təkrar emal və bərpa texnologiyası” ixtisasının tədrisini mərkəzdə həyata keçirmək üçün görülən hazırlıqdan və təcrübəyə başlayacaq tələbələrin seçim prosesindən danışılıb. Lazer mərkəzinin tədrisə tam hazırlıqlı olması üçün son tamamlama işlərinin görüldüyünü deyən Xudaverdi Kərimov tələbələrin təcrübə keçməsi üçün müəyyən çatışmazlıqların da həll olunacağını qeyd edib.

Qeyd edək ki, gələn ilin fevral ayından Lazer mərkəzinin IV kurs tələbələrinin istifadəsinə veriləcəyi nəzərdə tutulur.