Card image cap

ADNSU ilə “Microsoft Azərbaycan” şirkəti arasında əməkdaşlıq genişlənir

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Microsoft Azərbaycan” şirkətinin Biznesin inkişafı üzrə meneceri Emin Axundov, eləcə də şirkətin Sloveniya və Bolqarıstandan olan Təhsil həlləri üzrə mütəxəssis Oliver Zofiç və Teodora Varbanova ilə görüşüb.

Tərəflər arasında əməkdaşlıq planlarının müzakirə olunduğu görüşdə ADNSU-nun “eazi-START” Startap və İnnovasiya Mərkəzi və Azİİ İT Academy haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı gələcək inkişaf istiqamətlərindən danışıb. “Microsoft Azərbaycan” şirkətini ən etibarlı tərəfdaşlardan hesab etdiyini deyən rektor, professor M.Babanlı şirkətlə sıx əlaqələrin qurulmasının, Microsoft-un informasiya resurslarının universitetin təhsil proqramına inteqrasiyasının, eləcə də tələbə və müəllimlərin şirkətin lisenziyalı proqramlardan  istifadə etməsi məsələləri ilə bağlı fəaliyyətinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

ADNSU ilə əməkdaşlığın hər zaman diqqətdə saxlandığını deyən şirkətinin Biznesin inkişafı üzrə meneceri E.Axundov təhsil həlləri üzrə bir sıra problemli məsələlərin həllində birgə layihələrin həyata keçirilməsi və əlaqələrin daha da gücləndirilməsinə ehtiyac yarandığını vurğulayıb.

Görüşdə universitetdə tələbə və müəllim heyəti ilə birgə iş imkanları nəzərdən keçirilib və əməkdaşlıq istiqamətləri müzakirə olunub.