Card image cap

ADNSU-da İndoneziyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fananie ilə görüş keçirilib.

Səfir əvvəlcə universitetin rektoru professor, Mustafa Babanlı ilə görüşüb. İndoneziya və Azərbaycan arasındakı dostluq münasibətlərinin müzakirə olunduğu görüşdə ADNSU ilə əlaqələrin inkişaf etdirilməsi və İndoneziya universitetləri müxtəlif istiqamətlərdə birgə əməkdaşlıq haqqında söhbət aparılıb.

İndoneziyalı gənclərin ADNSU-da təhsilə maraq göstərdiyini deyən Husnan Bey Fananie ölkəsindəki ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün əlindən gələni edəcəyini qeyd edib. 

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı İndoneziya ilə əlaqələrin hər zaman prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor, professor M.Babanlı təhsil, texnologiya və araşdırmalar mövzusunda əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra səfir ADNSU tələbələri ilə görüşüb. İndoneziya haqqında təqdimatla çıxış edən Husnan Bey Fananie Azərbaycanın dünyanın ən gözəl və  zəngin ölkələrindən biri olduğunu deyib. Səfir olduğu gündən Azərbaycanı ikinci vətəni hesab etdiyini vurğulayan Husnan Bey Fananie Azərbaycan-İndoneziya münasibətlərindən danışıb. Diplomat İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini - ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini vurğulayıb.

Daha sonra səfir ölkəsi haqqında məlumatları tələbələrin diqqətinə çatdırıb, müxtəlif istiqamətləri əks etdirən video-təqdimatlar nümayiş olunub.