Card image cap

ADNSU tələbələri “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” haqda məlumatlandırılıblar

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” na dair tələbələr arasında növbəti məlumatlandırıcı tədbir keçirilib.

ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsinin və plandan irəli gələn tədbirlərin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini qeyd edib. Dosent A.Babayev Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması, eləcə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizədə davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmizin böyük uğurlar əldə etdiyini qeyd edib. 

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrlə bağlı ADNSU-da görülən işlər barədə məlumat verib. B.Nəzərov elektron universitetin yaradılması, ADNSU-nun facebook səhifəsinin təkmilləşdirilməsi, universitetin saytının yenilənməsi, universitetin mətbuat orqanı olan “Oil and İndustry” jurnalının nəşr edilməsi, İctimai Etimad Şurasının yaradılması və görülən digər işlər haqqında məruzə ilə çıxış edib.

Qeyd edək ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 27 aprel 2016-cı il tarixində təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir.