Card image cap

ADNSU-da NASA-nın məşhur qadın astronavtı ilə görüş keçirilib

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ABŞ Hərbi Qüvvələrinin 1-ci dərəcəli kapitanı, astronavt Haydi Payperlə görüş keçirilib.

Əvvəlcə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşən NASA astronavtı Haydi Payper universitetdə olmaqdan məmnunluq duyduğunu dilə gətirib.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ona xatirə hədiyyəsi təqdim edib. Öz  növbəsində H.Payper ADNSU-nun muzeyinə NASA kosmonavtlarının uniformalarında olan öz formasının şevronlarını hədiyyə edib.

Daha sonra xanım astronavtın tələbələrlə görüşü baş tutub. H.Payper tələbələr qarşısında  gələcək həyatlarında və karyeralarında uğurlu addımlar atmaları üçün motivasiyaedici nitqi ilə çıxış edib. İnsan qarşısına qoyduğu məqsədində qətiyyətli olarsa, hədəfə  çatmaq üçün heç bir maneənin olmadığını deyən H.Payper  qadınlar üçün qoyulmuş kəskin məhdudiyyətləri və stereotipləri aşmağın heç də çətin olmadığını qeyd edib. Sonda H.Payperin həyatından və açıq kosmosa səyahətindən bəhs edən foto təqdimat tələbələr üçün nümayiş olunub.

Qeyd edək ki, H.Payper 2015-ci ilin iyul ayında, ABŞ donanmasında 30 il xidmət etdikdən  sonra təqaüdə çıxıb. O ümumilikdə 27 gün 15 saat olmaqla kosmosa 2 dəfə səyahət edib, 33 saat 42 dəqiqə davam etməklə 5 dəfə açıq kosmasa çıxıb.