Card image cap

ADNSU "Horizon-2020" Tədqiqat və İnnovasiya proqramı ilə əməkdaşlığı genişləndirir

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Macarıstanın İnformasiya və Elmi İnkişaf üzrə Regional Mərkəzin (RCISD) baş elmi direktoru Bela Kardon və Alman Aerokosmik Mərkəzinin böyük elmi işçisi Jörn Grünewald ilə görüşüb.

Görüşdə ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, g.m.e.d. Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, İntellektual Mülkiyyətin İdarəetmə Mərkəzinin direktoru Fuad Bağırov və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Cəmilə İsmayılzadə iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitetin tarixi, tədris prosesi, ixtisaslar, xarici universitetlərlə əlaqələr, mübadilə proqramları haqqında məlumat verib. Ali məktəbdə neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, İnformasiya Texnologiyaları və başqa ixtisaslar üzrə mütəxəssis hazırlığı aparıldığını deyən rektor M.Babanlı “eazi START” Startap və İnnovasiya Mərkəzi, Lazer Mərkəzi, laboratoriyalar haqqında danışıb.

Görüşdə "Horizon-2020" Tədqiqat və İnnovasiya proqramı çərçivəsində elm, texnika, innovasiyalar sahəsində əməkdaşlıq edilməsi haqqında müzakirələr aparılıb və birgə əməkdaşlıq barədə razılıq əldə olunub.

Qeyd edək ki, İnformasiya və Elmi İnkişaf üzrə Regional Mərkəz (RCISD) elm xadimləri, tədqiqat və inkişaf menecerləri (R&D menecerləri) tərəfindən elmi-tədqiqat işləri aparmaq, Tədqiqat, Texnologiya İnkişafı və İnnovasiya (RTDI) layihələrini idarə etmək, həmçinin beynəlxalq koordinasiya və dəstək tədbirlərində iştirak etmək məqsədi ilə yaradılmış müəssisədir. RCISD sənədləşmə işlərindən həqiqi tədqiqata qədər müxtəlif növ xidmətlər təqdim edir. Müəssisənin məqsədi ideya və həyatakeçirmə arasında duran baryeri öz resursları və ixtisaslaşmış alətləri vasitəsi ilə azaltmaqdır.

Mərkəzin missiyası müvafiq universitet, tədqiqat və sənaye tərəfdaşlarıyla ən son bilikləri və RTDI informasiyasını bölüşməkdir.