Card image cap

ADNSU-da Peşəkar İdarəetmə Forumu keçirilib

Dekabrın 23-də Azərbaycan Dövlət Neft Universitetində (ADNSU) İqtisadiyyat və Menecment Fakültəsinin təşəbbüsü ilə Peşəkar İdarəetmə Forumu keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra tədbiri açıq elan edən İqtisadiyyat və Menecment Fakültəsinin dekanı, dosent İlham Rüstəmov Forumun keçirilməsinə dəstək olduğu üçün ADNSU-nun rektoru, professor Mustafa Babanlıya təşəkkür edib.

Forumun məqsədinin biznes sahəsində uğur qazanmış gənc mütəxəssislərə öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq olduğunu bildirən İlham Rüstəmov əsas hədəfin gələcəkdə biznes sahələr üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatların ötürülməsi olduğunu qeyd edib. Forumun hər kəs üçün faydalı olacağına inandığını deyən İ.Rüstəmov tələbələrə spikerlərin çıxışına diqqətlə qulaq asmağı tövsiyyə edib.

Peşəkar İdarəetmə Forumunda “Invex Team”- innovations & experimentations team-in baş icraçı direktoru Əlirza Kərimli “Yeni eranın iqtisadiyyatı və onu əhatə edən amillər”, “Tomstil” şirkətinin dizayner və sahibi Gülşən Mehdiyeva “İnnovasiya dövrünün tələbləri”, “Bank of Baku”-nun Risk departamentinin rəhbəri Ülvi Yusifov “Müəssisələrdə risklərin idarəedilməsi”, “Caspian Shipping CJSC”-nin HR direktoru Sevda Məmmədova “Karyera inkişafı: Strateji planlama”, “Technol” şirkətinin icraçı direktoru Murad Rəfiyev “Müəssisənin idarə edilməsi”, “Akabe inşaat”ın maliyyə işləri müdiri Vüqar Poladov “Şirkətlərdə korporativ maliyyənin qurulması” və “Destec” Group MMC-nin baş icraçı direktoru Sakit Səmədov “Müəssisənin strategiyası” mövzusunda məruzə ilə çıxış edib. Hər çıxışdan sonra məruzəçilər tələbələri maraqlandıran sualları cavablandırıblar.

Sonda Forumda iştirak edən tələbələr sertifikatla təltif olunublar.