Card image cap

ADNSU ilə Rusiyanın Şimal (Arktik) Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın M.V.Lomonosov adına Şimal (Arktik) Federal Universitetinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin direktoru Lyubov Zarubina və universitetin Energetika, neft və qaz ali məktəbinin direktoru, İstilik enerjisi və istilik texnikası kafedrasının müdiri, texnika elmlər namizədi Pavel Maryandışev ilə görüşüb.

Görüşdə “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov, ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitetin tarixi, tədris prosesi, ixtisaslar, xarici universitetlərlə əlaqələr, mübadilə proqramları haqqında məlumat verib. Ali məktəbdə neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, İnformasiya Texnologiyaları və başqa ixtisaslar üzrə mütəxəssis hazırlığı aparıldığını deyən rektor M.Babanlı “eazi START” Startap və İnnovasiya Mərkəzi, İntellektul Mülkiyyətin İdarəetmə Mərkəzi, laboratoriyalar haqqında danışıb.

ADNSU-nun gələcəkdə təkcə tədris müəssisəsi deyil, həm də böyük elm mərkəzi kimi fəaliyyət göstərməsi üçün aparılan işlər haqqında danışan rektor M.Babanlı universitetin kafedralarında laboratoriyaların maddi-texniki bazasının inkişaf etdirilməsi, gündəlik təcrübə proqramı, buraxılış işlərinin mövzularının sənaye müəssisələrinin tələbinə uyğunlaşdırılması və s. haqqında qonaqlara məlumat verib.

Səmimi qəbula görə rektor, prof. Mustafa Babanlıya təşəkkür edən Şimal (Arktik) Federal Universitetinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin direktoru Lyubov Zarubina təmsil etdiyi universitet haqqında məlumat verib. Şimal Federal Universitetinin bir çox böyük şirkətlərlə – o cümlədən Azərbaycan şirkətləri ilə əlaqələrinin olduğunu bildirən L.Zarubina ADNSU ilə layihələrin həyata keçirilməsinin onlar üçün əhəmiyyətli olduğunu qeyd edib.

Şimal Federal Universitetinin Energetika, neft və qaz ali məktəbinin direktoru Pavel Maryandışev rəhbərlik etdiyi bölmə haqqında məlumat verib, ADNSU ilə elmi sahədə əməkdaşlığın hər iki tərəfə böyük töhfə verəcəyinə inandığını qeyd edib.

“Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımov Arxangelskdə Azərbaycan diasporunun gördüyü işlər barədə məlumat verib, iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşün sonunda ADNSU ilə Şimal Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb, xatirə hədiyyələri təqdim olunub.