Card image cap

ADNSU-da aprel döyüşlərinə həsr olunmuş “Zirvədəkilər” filmi nümayiş olunub

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mədəniyyət və İncəsənət əsərlərinin müəlliflərinə dəstək” İctimai Birliyinin ərsəyə gətirdiyi aprel döyüşlərinə həsr olunmuş “Zirvədəkilər” filminin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı aprel döyüşlərinin tarixi missiyasından danışıb. Aprel döyüşləri zamanı azərbaycanlı gənclərin göstərdiyi şücaətdən və vətənpərvərlikdən söz açan rektor, professor M.Babanlı gələcək uğurlar naminə gənclərə səfərbər olmağı tövsiyə edib.

Film haqqında fikirlərini bölüşən Azərbaycan Respubklikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin Milli qəhrəmanların tanıdılması və vətənpərvərliyin təbliği istiqamətindəki fəaliyyətindən danışıb. Daha sonra rektor, professor M.Babanlı Milli Maraqların qorunmasında göstərdiyi diqqətə görə diplomla təltif olunub.

Tədbirdə çıxış edən millət vəkili Elmira Axundova gənclərə vətənpərvərlik hisslərinin aşılanmasının vacibliyindən və aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb.

“Mədəniyyət və incəsənət əsərlərinin müəlliflərinə dəstək” İB-nin sədri Rövşən Nəsirov filmin yaradıcı heyətinə təşəkkürünü bildirib və aprel döyüşlərinin Azərbaycanın döyüş tarixində mühüm yer tutduğunu qeyd edib.

Daha sonra aprel döyüşlərində tağım komandiri olmuş, ADNSU-nun II kurs magistrantı Fərid Sadıyev aprel döyüşlərində iştirakından və gənclərin göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Tədbirin sonunda “Zirvədəkilər” filmi nümayiş olunub.