Card image cap

UFAZ-da “CanSat” Azərbaycan 2018 model peyk müsabiqəsi haqqında tədbir keçirilib

Dekarbrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azərkosmos” ASC və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “CanSat” Azərbaycan 2018 model peyk müsabiqəsinə dair tədbir keçirilib.

“Azərkosmos”-un əməkdaşları “CanSat”ın müsabiqə şərtləri, keçirilmə qaydaları haqqında tələbələrə geniş məlumat veriblər.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd tələbə peyki layihələrinə marağın daha da artırılması, tələbələr arasında kütləviləşdirilməsi, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsidir.

Müsabiqədə hər universitet komanda şəklində iştirak edə bilər. “CanSat” Azərbaycan 2018 model peyk müsabiqəsində qalib gələn komanda Beynəlxalq “CanSat” müsabiqəsində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin  motivasiya və inkişafına yönəlmiş Beynəlxalq “CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS),  Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.