Card image cap

ADNSU-nun rektoru Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri ilə görüşüb

Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı ilə görüşüb.

Görüşdə rektor, professor M.Babanlı qonağa ADNSU haqqında məlumat verib, universitetin Çinlə təhsil sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib. Ötən həftə Çinə etdiyi səfəri haqda təəssüratlarını ilə bölüşən rektor M.Babanlı ADNSU-nun bu ölkənin ali məktəbləri ilə əməkdaşlığı haqqında məlumat verib. Səfər çərçivəsində ADNSU ilə Çinin bir neçə ali məktəbi ilə müqavilənin imzalandığını qeyd edən rektor M.Babanlı təqaüd proqramları, tələbə mübadiləsi və diplomların tanınması istiqamətində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Ə.Zeynallı fəaliyyətə başladığı müddət ərzində Çinlə əlaqələrin inkişaf etdirilməsi yönündə görülən işlərdən və nəzərdə tutulan layihələrdən danışıb. Çinlə iqtisadi, ticarət sahəsində əməkdaşlığın önəmini qeyd edən səfir təhsil sahəsində xüsusilə inkişaf meyllərinin mövcudluğunu və ADNSU-ya bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.