Card image cap

ADNSU-nun rektoru Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin fakültə və şöbələrində olub

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə universitetin fakültə və şöbələrində olub. Geoloji-kəşfiyyat, Qaz-neft mədən, Kimya-texnologiya, Neft-mexanika, Energetika, İnformasiya Texnologiyaları və İdarəetmə, İqtisadiyyat və Menecment fakültələri, Magistratura şöbəsi, Əcnəbi tələbələr üzrə dekanlıq və digər şöbələrdə  olan rektor M.Babanlı professor-müəllim heyəti başda olmaqla universitetin bütün kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni ildə can sağlığı və fəaliyyətlərində uğurlar arzu edib.

2017-cı ili ADNSU üçün ən əlamətdar və ən səmərəli illərdən biri kimi dəyərləndirən rektor M.Babanlı cari ildə universitetin həyatında və tədrisdə bir çox nailiyyətlərin olduğunu qeyd edib. Növbəti ildə keyfiyyətlə bağlı nəticələrin daha da irəliləməsi üçün addımların atılacağını söyləyən rektor, professor M.Babanlı 2018-ci ildə bu sahədə olan bəzi çatışmazlıqların tam aradan qaldırılacağını bildirib.

2017-2018-ci tədris ilində ADNSU-ya rekord sayda tələbənin qəbul olduğunu söyləyən rektor M.Babanlı I ixtisas qrupu üzrə 600-dən çox bal toplamış tələbələrin 292 nəfərinin, 500-dən çox bal toplamış gənclərin isə 950 nəfərinin ADNSU-nu seçdiyini qeyd edib. Növbəti tədris ilində 3000 nəfərin bakalavriatura, 600 nəfərin magistratura və 150-160 nəfərin doktorantura pilləsinə qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edən rektor M.Babanlı əcnəbi tələbələrin qəbulu ilə bağlı da ciddi irəliləyişin gözlənildiyini və xarici ölkələrin 300-dən artıq vətəndaşının ADNSU-nun tələbəsi adını qazanacağını vurğulayıb.

Rektor M.Babanlı bəzi çatışmazlıqlara baxmayaraq elmi işlərlə bağlı da ADNSU-da nəzərəçarpacaq dəyişikliklərin əldə edildiyini, ötən illə müqayisədə bu il elmi məqalələrin sayının iki dəfə artdığını, eyni zamanda dünyanın bır sıra nüfuzlu universitet və şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. O gündəlik təcrübə proqramının ADNSU-nun ən uğurlu layihələrindən biri kimi səciyyələndirərək tələbələrin istehsalat müəssisələri ilə tanışlığının onların gələcək karyeraları üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

2018-ci il üçün qarşıya qoyulan məqsədlərdən və görüləcək işlərdən danışan prof. M.Babanlı ADNSU-da elmi işlərin kəmiyyət və keyfiyyətinin artırılması, universitetdə laboratoriyaların inkişaf etdirilməsi, eyni zamanda 24 saat işləyən kitabxana sisteminin yaradılması istiqamətində genişmiqyaslı işlər görüldüyünü vurğulayıb.

Sonda rektor M.Babanlı ADNSU-nun bütün professor-müəllim heyəti və tələbələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha təbrik edərək 2018-ci ildə universitetin daha böyük uğurlara imza atacağına inandığını bildirib.