Card image cap

Almaniyada beynəlxalq təlim proqramında iştirak üçün müsabiqə elan edilib

Sentyabrın 13-də Almaniyada “Yaxşı İdarəetmə/Good Governance naminə Karl Fridrix Gördeler Kolleci”nin birillik təlim proqramı start götürəcək. Kollecin Robert Boş Fondunun Alman Xarici Siyasət Cəmiyyəti (DGAP) ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi təlim proqramında Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan olan fəal gənc rəhbər kadrlar iştirak edəcək. Məqsəd öz cəmiyyətlərində baş verənlər üçün fəal məsuliyyət daşımaq istəyən şəxsiyyətləri dəstəkləmək, onlara Avropada fikir mübadiləsi üçün şərait yaratmaq, dəyişkən cəmiyyətlərdə ümumi rifah üçün fəaliyyəti gücləndirmək və məsuliyyəti artırmaqdır.

Kollecin iştirakçıları birillik proqram ərzində üç dəfə seminarlarda iştirak edəcək və Yaxşı İdarəetmə layihəsini öz ölkələrində həyata keçirəcəklər. Avropa İttifaqının sabiq vitse-prezidenti prof. Günter Ferhoygen təlim proqramını kollecin direktoru qismində müşayiət edəcək.

Proqram çərçivəsində iştirakçılar Yaxşı İdarəetmə və İnnovativ idarəetmə menecmenti üzrə təkmilləşdirmə kursu keçir, Almaniyanın və Avropanın  təşkilatlarına müstəsna nəzər salmaq imkanı əldə edir və Avropa siyasəti, iqtisadiyyatı və cəmiyyətindən olan ekspertlər ilə əlaqə qurur, öz rəhbərlik bacarıqlarını inkişaf etdirir və layihə menecmenti üzrə bacarıqlar əldə edir, öz ölkələrində təcrübəli layihə menecerinin dəstəyi ilə öz Yaxşı İdarəçilik layihələrini həyata keçirir, Avropada gənc rəhbər şəxsiyyətlərdən ibarət beynəlxalq şəbəkənin bir hissəsi olurlar.

Ötən il ölkəmizi Kollecdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Cəmilə İsmayılzadə təmsil edib. Onun layihəsi ADNSU-da Məzun və Karyera Mərkəzinin qurulmasını əhatə edib. C.İsmayılzadə Kollecin ilk semestrində (sentyabr təlimlərində) Potzdam Universitetinin professorlarının məruzələrini dinləyib, Almaniya parlamentinin üzvləri ilə görüşlərdə iştirak edib, peşəkar layihə menecerləri tərəfindən layihələrin idarə olunmasına dair intensiv təlimlərə qatılıb. C.İsmayılzadə proqram çərçivəsində Berlin TU və Berlin FU-nun Karyera mərkəzlərində olub. Karyera mərkəzlərinin fəaliyyətləri haqqında ətraflı məlumat alan C.İsmayılzadə ADNSU-nun Məzun və Karyera Mərkəzinin sərgi və təlimləri haqqında onlara informasiya verib.

Yaxşı İdarəetmə/Good Governance naminə Goerdeler Kollecində iştirak etmək ödənişsizdir. Seminar, habelə seçim müsahibəsi ilə bağlı bütün xərclər (nəqliyyat, viza, qalma və yaşama xərcləri daxil olmaqla) Robert Boş Fondu tərəfindən qarşılanır.

Müraciət sənədlərinin qəbul olunduğu son tarix 19 fevral 2018-ci ildir.

Proqramın başlanma tarixi 13 sentyabr 2018-ci ildir.

Bu təlim proqramına dair və ya proqrama müraciət şərtləri haqqında əlavə məlumatlar almaq istəsəniz aşağıdakı internet səhifəsinə müraciət edə bilərsiniz: www.goerdeler-kolleg.de.

Almaniyada əlaqələndirici şəxs: Claire Luzia Leifert (+49 30 254231-92, goerdeler-kolleg@dgap.org).

Azərbaycanda əlaqələndirici şəxs: Könül Qurbanovaya (+994 50 425 99 13, goerdeler-kolleg-az@dgap.org).