Card image cap

ADNSU-nun İctimai Etimad Şurası UFAZ-da imtahan prosesini müşahidə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) imtahanın gedişatının monitorinqini keçirib. Millət vəkili Aydın Mirzəzadənin sədri olduğu İctimai Etimad Şurası imtahanlar başlamadan əvvəl UFAZ-ın auditoriyalarına baş çəkərək imtahanlar üçün yaradılmış şəraitlə tanış olub, tələbələrin fikirlərini öyrəniblər.

Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi xanım Şarlot Payen, UFAZ-da imtahan prosesini müşahidə etmək məqsədilə Azərbaycana gəlmiş Strasburq Universitetinin professoru Filip Turek, İctimai Etimad Şurasının üzvləri və KİV nümayəndələri toplantı salonunda toplaşaraq UFAZ-da imtahan prosesi ətrafında fikir mübadiləsi aparıblar.

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov toplaşanlara UFAZ-da yanvarın 17-də start götürmüş payız-qış imtahan sessiyası haqqında məlumat verib. Bildirilib ki, UFAZ-ın I və II kurs üzrə təhsil alan 284 tələbəsi 2 həftə ərzində təşkil edilmiş imtahanlarda iştirak edəcəklər. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb, imtahanlar Strasburq Universitetinin qaydalarına müvafiq təşkil edilib. İmtahan prosesi ənənəvi olaraq 5 həftə deyil, 1-ci kurslar üçün 2 həftə, II kurslar üçünsə 1 həftə nəzərdə tutulub. Strasburq Universitetinin tədris proqramına əsasən UFAZ-da qiymətləndirmə semester boyu 3 mərhələdən ibarət olub sonda yekun imtahanlarla tamamlanır.

İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib olunub. İmtahan nəticələri yoxlandıqdan sonra qərar vermək üçün Starsburq Universitetinin ekspertlərindən təşkil olunmuş münsiflər heyətinə təqdim olunacaq, daha sonra qiymətlər tələbələrə elan ediləcək.

Son 5 gün ərzində tələbələrin imtahan prosesində iştirakı ilə bağlı hər hansı texniki problem və tələbələrin şikayətləri ilə üzləşmədikləri və imtahan prosesinin yüksək şəraitdə davam etdiyi qeyd olunub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək UFAZ-ın yaradılmasının əhəmiyyəti barədə toplaşanlara məlumat verib, dünyanın nüfuzlu ali məktəblərindən biri - Strasburq Universiteti ilə birgə gerçəkləşdirilən bu layihənin ADNSU-da təhsilin standartlarının daha da yüksəldilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. Rektor M.Babanlı ADNSU-nun İctimai Etimad Şurası üzvlərinə UFAZ-da imtahan prosesini müşahidə etdikləri üçün təşəkkürünü bildirib. Millət vəkili, İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə UFAZ-da yaradılmış şərait, qabaqcıl təhsil standartlarını yüksək dəyərləndirərək bu layihənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda sənayenin inkişaf etdirilməsi fonunda UFAZ-ın yaradılmasını Azərbaycan Respublikası Prezidentinin uzaqgörənliyinin bariz nümunəsi kimi dəyərləndirən millət vəkili tələbələrin onlar üçün yaradılmış bu imkandan səmərəli istifadə etməli olduqlarını bildirib. İctimai Etimad Şurasının digər üzvləri də tələbələrin təhsil alması üçün UFAZ-da yaradılmış şəraiti yüksək qiymətləndirib, bu layihəni dövlətin azərbaycanlı gənclərin təhsilinə göstərdiyi diqqət və qayğının nümunəsi kimi səciyyələndiriblər.