Card image cap

ADNSU-nun tələbəsi “Könüllü” Tələbə Təqaüd Proqramına seçilib

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb. Ötən ilin oktyabr ayından start verilən müsabiqəyə 58 müraciət daxil olub.

“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına və müəllifin şəxsi təşəbbüsü ilə formalaşıb.

Təqaüd fondunun ümumi miqdarı 3000 manat təşkil edir. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinin stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib.

Mükafatçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səbinə Kərimli də var. O İslam Oyunları, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) – Formula – 1, ASAN Xidmət, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bir” Tələbə-Könüllü Proqramı, SOCAR-Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində könüllü olub.

Fevralın 8-də YARAT Müasir İncəsənət Məkanında keçiriləcək mərasimdə təqaüdlər tələbə könüllülərə təqdim olunacaq.