Card image cap

ADNSU-da “Təhlükəsiz İnternet Günü – 2018” konfransı keçirilib

Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz İnternet Günü – 2018” konfransı keçirilib.

Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, həmçinin dövlət qurumlarının nümayəndələri, qeyri hökumət təşkilatları və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər, ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbiri açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. İnternetin həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini deyən rektor M.Babanlı onun bütün sahələrdə özünü göstərdiyini vurğulayıb. ADNSU-da elektron universitet, elektron kitabxana sisteminin yaradılmasının tədris üçün olduqca əhəmiyyətli olduğunu deyən rektor, prof. Mustafa Babanlı internet təhlükəsizliyi məsələsinin də daim diqqətdə olmasının vacibliyini qeyd edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə internetdə informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və internet hücumlardan qorunmaq üzrə nazirliyin apardığı işlərdən danışıb. İnternetin bütün sahələrdə tətbiq edildiyini deyən E.Vəlizadə bu cür tədbirlərin keçirilməsinin internet təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.

ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin dekanı, dosent Səməd Yusifov çıxış edərək təmsil etdiyi fakültə haqqında tədbir iştirakçılarına məlumat verib. Hazırda fakültədə 11 ixtisas üzrə 2183 nəfər tələbənin təhsil aldığını bildirən dosent S.Yusifov bu cür tədbirlərin tələbələrin maarifləndirilməsi baxımından vacibliyini bildirib.

Tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirən ADNSU-nun “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Ramiz Allahverdiyev internet təhlükəsizliyi haqqında çıxış edib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov və Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov çıxış edərək fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatlar ediblər.

Tədbirin ikinci hissəsində “AzInTelecom” şirkətinin nümayəndəsi, informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev “İnformasiya təhlükəsizliyi sahəsi üzrə müasir texnologiyalar”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva “Ölkəmizdə təhlükəsiz internetin vəziyyəti”, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təlimçisi, Azərbaycan Beynəlxalq Bankının informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Abdulla Abdullayev “İnformasiya təhlükəsizliyi sahəsi üzrə kadr hazırlığı”, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Rahib Ağababayev “Elektron Hökumət portalında vətəndaşların informasiya təhlükəsizliyi” və ADNSU tələbələri “İnternetdə informasiya təhlükəsizliyi” mövzusunda çıxışlar ediblər.

Konfransın yekunu olaraq, vətəndaşların, ekspertlərin, özəl təşkilatların və dövlətin təhlükəsiz internet naminə daha çox əməkdaşlıq etmələri və səylər göstərmələri vurğulanıb. Bu baxımdan gənclərin və uşaqların internetdə informasiya təhlükəsizliyinin qorunması prioritet elan edilib və il ərzində bu istiqamətdə zəruri işlərin aparılması qarşıya qoyulub.

Qeyd edək ki, Təhlükəsiz İnternet Günü 2004-cü ildə Avropa Birliyi Təhlükəsiz Sərhədlər layihəsinin təşəbbüsü kimi başlayıb və artıq dünyanın 130-dan çox ölkəsində qeyd olunur. Hər ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd olunan “Safer Internet Day”-in əsas məqsədi daha yaxşı və təhlükəsiz internet yaratmaq məqsədilə vətəndaş cəmiyyəti, dövlət və özəl təşkilatları təmsil edən bütün tərəflərin əməkdaşlıq əlaqələrinin inkişafıdır.