Card image cap

ABŞ səfirliyinin nümayəndələri ADNSU-nun Startap Mərkəzində olublar

Fevralın 6-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin nümayəndələri – Mədəniyyət və Təhsil işləri üzrə Müşavir Haydi Smit və Maarifləndirici Proqramlar üzrə Direktor Aydan Əsgərova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startap və İnnovasiya Mərkəzinin qonaqları olublar. ADNSU tərəfindən qonaqları Elm və texnika işləri üzrə prorektor Rauf Əliyarov, Mərkəzin koordinatorları Tural Qocayev və Camal Ağayev qarşılayıb, universitetdə innovasiyalar üzrə aparılan işlər, startap layihələrinin inkişafı ilə bağlı proseslər barədə məlumat veriblər.

Görüş ərzində Startap və İnnovasiya Mərkəzində hazırlanmış bəzi layihələrin (KubiRub – 3D formatlı oyun və marketinq platforması, Ağıllı klaviatura, Multivizor – geniş ekranlı monitor, Kəmtaç – səthi interaktiv lövhəyə çevirən qurğu) prototipləri qonaqlara təqdim olunub.

Səfirlik nümayəndələri ABŞ tərəfinin innovativ sahibkarlıq üzrə həyata keçirdiyi tədbir və proqramlardan söz açıblar, ADNSU-nun startapçılarının bu cür tədbir və müsabiqələrdə iştirakını təşviq edəcəklərini, bundan əlavə, innovasiyalar, innovativ sahibkarlıq, startaplar və texnologiyaların transferi üzrə amerikalı mütəxəssislərin ADNSU-ya dəvət edilməsində yardımçı olacaqlarını bildiriblər.