Card image cap

ADNSU-da “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib

Fevralın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı şəhərinin orta məktəblərindən 7-8-ci sinif şagirdləri arasında“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib.

Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Kimya-texnologiya fakültəsinin dekanı, dosent Fəttah Həşimov, “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri, dosent Yunis Qəhrəmanlı, eləcə də Təhsil Nazirliyinin “Məktəbdənkənar fəaliyyətin təşkili” sektorunun müdiri Ayla Həsənova, orta məktəblərin kimya müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Q.Məmmədov şagirdləri universitetdə görməkdən məmnun olduğunu deyib. Universitet və yaradadılan şəffaf mühit haqqında şagirdlərə ətraflı məlumat verən dos. Qasım Məmmədov kimya elminə həvəsi olan gəncləri ADNSU-da ali təhsil almağa dəvət edib, həmçinin, onlara müsabiqədə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin “Məktəbdənkənar fəaliyyətin təşkili” sektorunun müdiri A.Həsənova şagirdlərin elmə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini və gələcəkdə ixtisas seçimində vacib amil olduğunu vurğulayıb.

Daha sonra müsabiqəyə start verilib. Müsabiqədə hər komandada 3 nəfər olmaqla 17 komanda iştirak edib. Komandaların üzvləri 90 dəqiqə ərzində onlara verilən 25-i test və 5-i açıq sualdan ibarət 30 tapşırığı yerinə yetiriblər. Sonra cavablar iki nəfər ADNSU və bir kənar müəllimdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qalib komandalar müəyyən edilib. Birinci yerə 3 nəfər, ikinci və üçüncü yerlərə isə hər birində 2 komanda olmaqla 12 nəfər layiq görülüb, 5 nəfər şagirdə isə həvəsləndirici mükafat verilib.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün ADNSU-nun kimya laboratoriyalarında tanışlıq ekskursiyası təşkil olunub.