Card image cap

ADNSU-nun rektoru ingilis dilində tədris alan tələbələrlə görüşüb

Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ingilis dilində tədris alan tələbələrlə görüşüb.

Rektor M.Babanlı tələbələrin imtahanlardakı nəticələri, müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib. Universitetdə ingilis dilində tədrisin üstünlüklərini və məqsədini qeyd edən rektor, professor M.Babanlı bildirib ki, ADNSU Azərbaycanda Avropa Universitetləri Assosiasiyasının üzvü olub ingilis dilində tədris verən yeganə ali təhsil ocağıdır. Rektor, professor M.Babanlı universitetdə ingilis dilində tədrisin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. O tədris proqramlarının təkmilləşdirilməsi, xarici ali təhsil müəssisələrindən ingilisdilli mütəxəssislərin mühazirələrə cəlb olunması, xarici universitetlərin analoji ixtisaslarında sillabusların təyin olunması üçün xüsusi addımların atılacağını qeyd edib.

Rektor M.Babanlı eyni zamanda ingilis dilinin tədrisinin artırılması, texniki ingilis dilinə əlavə kredit verilməsi, terminologiyaya yer ayırılması, tədrisə metodoloji kömək göstərilməsi məqsədilə əcnəbi mütəxəssislərin cəlb olunması və UFAZ çərçivəsində yerli və xarici mütəxəssislərdən məsləhət alınması üçün planlaşdırılan layihələr barəsində danışıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.