Card image cap

ADNSU tələbələrinin “Technoil” MMC-yə ekskursiyası təşkil olunub

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və Menecment Fakültəsinin tələbələrinin Azərbaycanda və eyni zamanda Qafqaz regionunda mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsi olan “Technoil” MMC-yə ekskursiyası təşkil olunub.

Ekskursiyaya başlamazdan əvvəl “Technoil” MMC-nin Marketinq direktoru Pərviz Əzimov şirkət haqqında təqdimatla çıxış edib. Təqdimatda şirkətin istehsal etdiyi məhsullar, əməkdaşlıq edilən qurumlar, həyata keçirilən layihələr, gələcəkdə görülməsi planlaşdırılan işlər və s. haqqında məlumat verilib.

“Technoil” MMC-nin direktoru Murad Rəfiyev şirkətin əsas məqsədinin ölkə və dünya bazarında hər zaman müştərilərin tələblərinə cavab verə bilən, yüksək keyfiyyətli məhsullar istehsal etmək olduğunu qeyd edib.

Sonra tələbələr “Technoil” MMC-də iş prosesini izləyib, laboratoriya və anbarla tanış olublar.

İqtisadiyyat və Menecment Fakültəsinin dekanı, dosent İlham Rüstəmov göstərilən diqqətə görə ADNSU rəhbərliyi adından “Technoil” MMC-nin nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Technoil” MMC 2016-ci ildən etibarən “Technol” ticarət markası adı altında  Azərbaycan bazarında fəaliyyət göstərməkdədir. Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavod eyni zamanda sənayə məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.