Card image cap

ADNSU-da “Türkmənistan - Böyük İpək Yolunun ürəyi” adlı dəyirmi masa keçirilib

Martın 7-də Azərbaycan Neft və Sənaye Universitetində "Türkmənistan - Böyük İpək Yolunun ürəyi" adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, ADNSU-nun professor-müəllim heyəti və türkmənistanlı tələbələr iştirak edib.

ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov tədbirin əhəmiyyətini qeyd edərək bu cür görüşlərin iki ölkə arasındakı mehriban münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov prezident Qurbanqulu Berdiməhəmmədovun sərəncamı ilə 2018-ci ilin ölkəsində "Türkmənistan - Böyük İpək Yolunun ürəyi ili" elan edildiyini bildirib. Böyük İpək Yolunun tarixən çox böyük strateji əhəmiyyət daşıdığını bildirən Batır Rəcəbov bunun iqtisadi, sosial layihələrin, enerji stategiyasının icrası üçün önəmli rol oynadığını qeyd edib. Diplomat həmçinin, qonşu ölkələrlə birlikdə icra edilən böyük layihələrdən də danışıb.

“Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, professor Tulparxan Salavatov Azərbaycanın müstəqillik illərində icra etdiyi böyük iqtisadi layihələr, həmçinin Türkmənistanla olan əməkdaşlıq əlaqələrindən danışıb.

Türkmənistanın Azərbaycandakı səfirliyinin attaşesi Atamurat Ballıbayev ölkəsinin hazırda Əfqanıstan, Hindistan və Pakistan ilə birlikdə icra etdiyi TAPİ layihəsi barədə məlumat verib və bu layihənin dövlətlər arasında sülh və inkişaf üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ADNSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı, t.e.n. Yaşar Həsənov universitetdə təhsil alan türkmənistanlı tələbələr haqqında məlumat verib. ADNSU-ya türkmən tələbələrin cəlb edilməsində Türkmənistanın Azərbaycandakı səfirliyinin rolunu qeyd edən Y.Həsənov tələbələrin bilik səviyyəsinin kifayət qədər yüksək olduğunu vurğulayıb.

Dəyirmi masada ADNSU-nun Türkmənistandan olan tələbəsi Azat Tyaşliyev mövzu haqqında çıxış edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.