Card image cap

ADNSU-da “Expo-2025” Ümumdünya Sərgisinə həsr olunmuş tədbir keçirilib

Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi üçün Bakı şahərinin namizədliyinin irəli sürülməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, Məryəm Cəfəradə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və Demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva və Təhsil Nazirliyinin sektor müdiri, Expo təhsil mövzusunun eksperti Cəsarət Valehov  və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan dosent A.Babayev rektor, professor Mustafa Babanlının tədbir iştirakçılarına salamını çatdırıb. Ölkəmizin bir sıra irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan dosent A.Babayev bütün bunların prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətlərinin və ardıcıl səylərinin nəticəsi olduğunu deyib.

“Expo layihəsi, səhiyyənin gələcəyi” mövzusunda çıxış edən Gənclər və İdman Nazirliyi, Beynəlxalq Standartların tətbiqi bölməsinin müdiri, M.Cəfərzadə “Expo 2025”-in beynəlxalq əhəmiyyətindən və ölkəmizdə keçirilməsindəki məqsədlərindən danışıb. “Expo 2025” Bakı layihəsi haqqında təqdimatı nümayiş etdirən M.Cəfərzadə “Expo 2025”-in həm də beynəlxalq dəstək və imkanlar verən bir layihə olduğunu diqqətə çatdıraraq hazırda Azərbaycanın Rusiya və Yaponiya ilə ev sahibliyi uğrunda rəqabət apardığını deyib.

“Məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və Demoqrafiya şöbəsinin müdir müavini R.Abdullayeva BƏT-ə üzv ölkələrdə milli dialoqların əsas müzakirə mövzuları və dünya əmək bazarında mövcud vəziyyətdən, məşğulluğun gələcək perspektivli sahələrindən danışıb, həmçinin demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat verib.

“Təhsilin gələcəyi” mövzusunda çıxış edən Təhsil Nazirliyinin sektor müdiri C.Valehov “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” devizi ilə Azərbaycanın ev sahibliyini irəli sürməsinin ölkəmizdə insan kapitalına verilən yüksək dəyər kimi qiymətləndirib və 2025-ci ilədək dünyanı dəyişəcək texnoloji trendlərdən söz açıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.