Card image cap

ADNSU-nun beş ixtisası Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beş ixtisası Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan Foundation for International Business Administration Accreditation (FİBAA) tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunub. ADNSU akkreditasiyadan keçmək üçün özü müstəqil şəkildə FİBAA-ya müraciət edib. ADNSU Azərbaycan universitetləri arasında müstəqil şəkildə akkreditasiyadan keçmək üçün müraciət etmiş ilk ali məktəbdir.

Proqramları tam qiymətləndirdikdən sonra FİBAA ADNSU-nun BA Proqramlarının inkişafı üçün müəyyənləşdirilmiş  keyfiyyət hədəflərinin olduğu qənaətinə gəlib. Beləliklə, ADNSU-nun beş ixtisası - İqtisadiyyat (Business Informatics (B.Sc.)), Kompüter Mühəndisliyi (Computer Engineering (B.Sc.)), Sənayenin təşkili və idarə olunması (Industrial Engineering (B.Sc.)), İdarəetmədə İnformasiya Sistemləri (Computer Information Systems (MBA)) və Biznesin təşkili və idarə edilməsi (Operations Management (MBA)) FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunub.

FİBAA ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlikdir. 1994-cü ildə Almaniya, İsveçrə və Avstriyanın aparıcı ticarət və sənaye şirkətlərinin təsis etdiyi FİBAA Avropa və dünyanın bir sıra ölkələrində 1900 təhsil proqramını akkreditasiyadan keçirib. FİBAA Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasnın – ENQA, Akkreditasiya üzrə Avropa Konsorsiumunun – ECA, Mərkəzi və Şərqi Avropa ölkələrinin ali təhsilində keyfiyyətin təminatı üzrə Agentliklər Şəbəkəsinin – CEENQA, Ali təhsildə keyfiyyətin təminatı üzrə Beynəlxalq agentliklər şəbəkəsinin – İNQAAHE, Avropa universitetləri Assosiasiyasnın – EUA və digər qurumların üzvü, bəzisinin həmtəsisçisidir. Təhsil proqramlarının akreditasiyası üzrə prosedurlar zamanı FİBAA akademik dairələrdə yüksək dəyərləndirilən ekspert qiymətləndirməsi («peer review») metodundan istifadə edir. Keyfiyyətin qiymətləndirilməsi kompetensiyalı və müstəqil beynəlxalq ekspertlər tərəfindən aparılır.

Akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartlar mövcuddur. Proses zamanı akkreditasiya komissiyası təhsil müəssisəsinin maddi-texniki və normativ-hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, tələbələrin biliyinin qiymətləndirilməsi və digər meyarları yerində araşdırır, təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmamasını müəyyənləşdirir və həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verir.

İxtisasların akkreditasiya tələblərinə uyğun tədris planları tərtib olunaraq hər fənn üçün modullar hazırlanıb, müvafiq dərsliklər çap olunub, laboratoriyalar lazımi avadanlıqla təchiz edilib, keyfiyyətə təminat və attestasiya mərkəzləri yaradılıb. Müəllimlər üçün seminarlar, treninqlər keçirilib, layihə iştirakçıları Avropa universitetlərində təcrübə keçiblər. Ekspertlər mütəmadi olaraq ADNSU-da olacaq akkreditasiya prosesi ilə bağlı tövsiyələrini veriblər. Beləliklə, bu layihə çərçivəsində yalnız universitetin şəraitinin deyil, müəllim-professor heyətinin də müasir tələblərə cavab verməsi üçün bir sıra işlər aparılıb. Akreditasiyadan keçəcək ixtisaslara uyğun hazırlanan yeni proqramlar bu ixtisasın müəllimlərinə tədris olunub və bu istiqamətdə müxtəlif təlimlər keçirilib.

Bu görüşlərdə müəllimlərin, işçilərin kvalifikasiyalarının beynəlxalq standartlara uyğunluğunu, tələbələrin ingilis dilində fikirlərini sərbəst ifadə etmələri, məntiqi danışıqlarını, bilik və bacarıqları, dünyagörüşü müsahibə nəticəsində yoxlanıb, eyni zamanda tələbələrin ümumi müvəffəqiyyət faizi də nəzərə alınıb.

İxtisasların akkreditə olunması tələbələrə təhsillərini asanlıqla Avropada davam etdirmə imkanı yaradır. Bu, təhsillə yanaşı gələcəkdə öz ixtisasları üzrə beynəlxalq şirkətlərdə işləmək istəyən tələbələr üçün də bu böyük fürsət olacaq. Çünki onların ixtisasları xaricdə daha rahat və problemsiz tanınacaq.

FİBAA nümayəndələri universitetin BA proqramlarının ilkin akkreditasiyası üçün 2017-ci il 24-26 oktyabr tarixlərində ADNSU-da olublar. 7 nəfərlik nümayəndə heyəti bu müddət ərzində onlara təqdim olunmuş tədris və tədris materialları, imtahan çıxışları, imtahanlar və yekun tezislər, qiymətləndirmə nəticələri, hər bir təhsil proqramı üçün nümunə tədqiqatları, təhsil proqramlarının məlumat broşuraları, illik fəaliyyət hesabatları, tələbələr və digər sənədlərlə tanış olub, yoxlamalar aparıb və həmçinin Corciya və Zigen universitetləri ilə əməkdaşlıq edən BA proqram rəhbərləri ilə bir sıra görüşlər və müzakirələr keçiriblər.

Qeyd edək ki, daha əvvəl ADNSU-da tədris olunan üç ixtisas – bakalavr səviyyəsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura səviyəsində isə “Enerji menecmenti” (neft sənayesində) ixtisasları Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunmuşdu.

ADNSU-da bu istiqamətdə işlər davam edir və gələcəkdə daha çox ixtisasının akkreditasiya olunması üçün hazırlıqlar davam edir.